Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası çapdan çıxıb
23.03.2020 14:42
  • A-
  • A
  • A+

“Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın müəllifi olduğu “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” adlı monoqrafiya çapdan çıxıb. Yeni nəşr çoxəsrlik ənənələrə malik Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin tədqiqinə həsr olunmuş ilk sistemli elmi tədqiqat işidir.

Monoqrafiyada Naxçıvan ədəbi mühitində qədim və orta əsrlərdən başlanan və XIX-XX əsrlərdə daha da inkişaf edən Naxçıvan ədəbi mühitində Şərq-Qərb ənənələri geniş şəkildə tədqiq edilərək ümumiləşdirilib. Müəllif Naxçıvan ədəbi mühitinin klassik dövründə Şərq ədəbiyyatı ənənələrinin inkişaf etdiyini nəzəri cəhətdən izah edib və bədii nümunələrlə əsaslandırıb.

Kitabda XIX əsrdən etibarən Azərbaycan ədəbiyyatında, o cümlədən Naxçıvan ədəbi mühitində Qərb ədəbiyyatı meyillərinin genişlənməyə başlanıldığı izlənilib, bu zəmində ədəbiyyata gələn yeni ideyalar və janrlar diqqət mərkəzinə çəkilib.

Nəşrdə ayrı-ayrı yazıçıların əsərlərinin təhlili əsasında Şərq və Qərb meyillərindən milli özünəməxsusluğa keçid proseslərinin reallıqları tədqiq edilib və mühüm elmi nəticələrə gəlinib.

Tədqiqat işində müstəqillik dövrü Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrinə qayıdışın səbəblərinə və nəticələrinə müasir elmi baxış da əksini tapıb. Müəllif bu ədəbi mühitdə bədii tərcümə məsələlərini ilk dəfə olaraq elmi təhlildən keçirib. O, bu mərhələnin tədqiqində öz tezislərini Naxçıvan ədəbi mühitində təmsil olunan yazıçı və şairlərin bədii əsərlərindən gətirdiyi nümunələrlə şərh edib. Bu isə Naxçıvan əbədi mühitinin real mənzərəsinin canlandırılmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: