Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın birinci vitse-prezidenti: “Rusiya ilə Azərbaycan arasında elmi əməkdaşlıq yeni səviyyəyə çatır”
19.03.2020 10:33
  • A-
  • A
  • A+

AMEA-nın birinci vitse-prezidenti: “Rusiya ilə Azərbaycan arasında elmi əməkdaşlıq yeni səviyyəyə çatır”

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun müxbirinə müsahibə verib. Alim müsahibədə Rusiya-Azərbaycan elmi münasibətlərindən söz açıb.

Vitse-prezident qeyd edib ki, 90-cı illərdə iki ölkə arasında elmi əlaqələr praktiki olaraq pozulub. Bundan sonra hərtərəfli əməkdaşlığı bərpa etmək üçün yollar axtarılmağa başlanılıb: “Ötən il Rusiya Elmlər Akademiyasının (REA) rəhbərliyi ilə bir sıra görüşlər keçirdik. Sonra Bakıda AMEA ilə REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzaladıq. Bu il aprelin əvvəlində isə biz rəsmi nümayəndə heyətinin tərkibində Moskvaya səfər etməyi, ölkələr arasında elmi mübadilə və birgə araşdırmaların səmərəliyini artırmaq üçün hazırlanmış “yol xəritəsini” imzalamağı nəzərdə tuturuq”.

Akademik İ.Quliyevin fikrincə, bu “yol xəritəsi”nin imzalanması Rusiya və Azərbaycan alimləri arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çatdıracaq, ortaq layihələrin həyata keçirilməsi, elmi kadrların hazırlanması və birgə tədqiqatların aparılmasına imkan verəcək. AMEA 50 ildən artıqdır ki, fundamental elm, xüsusən nüvə fizikası sahəsində Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edir. Bu müddət ərzində nüvə fizikası sahəsində onlarla alim yetişdirilib.

AMEA-nın birinci vitse-prezidenti bildirib ki, “yol xəritəsi”nin imzalanması nəticəsində Qafqaz və Xəzər dənizi ilə əlaqəli regional layihələr hesabına bu əməkdaşlıq sahəsi əhəmiyyətli dərəcədə genişlənəcək: “Üstəlik, bu, təkcə karbohidrogen ehtiyatları ilə əlaqəli deyil. Biz palçıq vulkanları və qaz hidratlarının çıxışı ilə bağlı Xəzər dənizinin dərinliklərindəki xüsusi biosenozları da birgə tədqiq edəcəyik”.

"Xəzər bölgəsində yaşayan etnik qrupların öyrənilməsi də əsas məsələlərdəndir. Xəzər dənizinin ekologiyası, dəniz səviyyəsindəki dəyişiklik problemləri və digər tətbiqi tədqiqatlar əsas maraq dairəmizdədir.  Biz bəlkə də Avrasiya bölgəsində ən yaxşı telemetrik stansiyalar, GPS, qravimetr və maqnitometrlərə sahibik" - deyə akademik bildirib.

İ.Quliyev müsahibədə cari ilin oktyabr ayında beş sərhəd ölkəsinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan “Sərhədsiz elm: Xəzər təşəbbüsü” adlı böyük beynəlxalq forumu haqqında da fikirlərini bölüşüb. Bildirib ki, forum çərçivəsində hidrologiya, biologiya, ekologiya, paleontologiya və bir çox digər sahələrdə ortaq tədqiqat proqramları haqqında razılığın müzakirə olunması planlaşdırılır: “Ehtimal olunur ki, Bakıda və ya Həştərxanda ortaq Xəzər tədqiqat mərkəzi yaradılacaq. Bundan əlavə, Xəzər dənizinin hərtərəfli araşdırılması üçün həm bizim, həm də rusiyalı həmkarlarımızın ortaq tədqiqat gəmisinə ehtiyacı var. Ümid edirik ki, oktyabr ayında keçiriləcək forumda bu məsələni də müzakirə edəcəyik”.

Birinci vitse-prezident, həmçinin Qafqazla bağlı perspektivli layihələr barədə fikirlərini bölüşüb. Alim bildirib ki, Qafqazda farmakologiyanın inkişafı üçün geniş imkanlar var – bu regionda mövcud olan bir çox bitki müxtəlif dərmanların hazırlanmasında istifadə edilə bilər. O, “Zəhərlər üzərində iş – zəhər komponentləri əsasında onkologiyanın müalicəsi üçün dərman preparatlarının hazırlanması” mövzusunun aktual olduğunu, artıq bu mövzuda Rusiya Elmlər Akademiyasının tanınmış alimləri ilə müzakirələrin aparıldığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: