www.science.az
12.11.2013 00:00

MDB ölkələri gənc şərqşünaslarının II qurultayı keçirilir

11 noyabr 2013-cü il tarixdə AMEA-nın Əsas binasında MDB ölkələri gənc şərqşünaslarının “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda II qurultayının açılış mərasimi keçirildi.

AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutu, REA Gənc Alimlər Şurası ilə birgə təşkilatçılığı və AR Gənclər və İdman Nazirliyinin dəstəyilə keçirilən tədbirdə 10 ölkədən 70-ə yaxın tədqiqatçı iştirak edir.

Qurultayı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan şərqşünas alimlərinin dünya şərqşünaslıq elminə verdiyi dəyərli töhfələrdən söz açdı.

Azərbaycanda şərqşünaslıq elminin qədim tarixə və zəngin ənənələrə malik olduğunu söyləyən akademik görkəmli alimlərimiz Aida İmanquliyeva, Ziya Bünyadov, Həmid Araslı, Rüstəm Əliyev, Vasim Məmmədəliyev, Əbdülkərim Əlizadə və başqalarının sərhədlərimizdən kənarda da yaxşı tanındığını vurğuladı.

Azərbaycanlı alimlərin hələ ötən əsrlərdə Rusiya şərqşünaslığında mühüm rol oynadıqlarını qeyd edən AMEA rəhbəri bu sahədə Mirzə Kazımbəy, Mirzəcəfər Topçubaşov və digərlərinin xidmətlərini vurğuladı. Bildirdi ki, qurultay Sovetlər birliyi dağıldıqdan sonra postsovet məkanı şərqşünaslıq mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin bərpası istiqamətində körpü rolunu oynayır.

Tədbirdə çıxış edən AR Prezidenti Administrasiyasının “Siyasi təhlil və informasiya təminatı şöbəsinin” müdiri Elnur Aslanov Azərbaycanın regiondakı mövqeyindən, ölkəmizin həyata keçirdiyi qlobal layihələrdən söz açdı. Tədbir iştirakçılarının bu layihələrin bəziləri ilə əyani şəkildə tanış olmağa dəvət etdi.

E.Aslanov qeyd etdi ki, Azərbaycanda etnik, milli və dini zəmində uzun illərdən bəri tolerant bir mühit hökm sürür. Ölkəmiz müxtəlif dini mənsubiyyətə malik xalqların bərabərhüquqlu şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır.

AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycanın qonşu dövlətlərlə tarixi əməkdaşlıq əlaqələrindən, gələcəkdə nəzərdə tutulan birgə layihələrdən söhbət açdı.

Təmsil etdiyi institutun fəaliyyəti haqqında məlumat verən REA Şərqşünaslıq İnstitutunun direktor müavini Elgena Molodyakova Şərq ölkələrinin elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən danışdı, bu əlaqələrin genişləndirilməsi məqsədilə AMEA Şərqşünaslıq İnstitutu ilə də saziş imzalamağa hazır olduqlarını söylədi.

Tədbirdə, həmçinin AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbrayev, AMEA Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov çıxış etdilər.

Daha sonra AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sədrliyi ilə qurultayın plenar iclası keçirildi.

Qurultay öz işini “Hilton Bakı” mehmanxanasında tarixi araşdırmalar, mənbəşünaslıq, filologiya, fəlsəfə və dinşünaslıq bölmələrində davam etdirdi.

Tədbir çərçivəsində Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə verdiyi töhfələrə dair dəyirmi masa da keçiriləcək.

Elmi müzakirələr başa çatdıqdan sonra qurultay iştirakçıları Qəbələ və Naxçıvana səfər edəcəklər.

Qeyd edək ki, qurultay öz işini noyabrın 14-də yekunlaşdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.