Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dilçi-türkoloq alim Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub
13.03.2020 10:47
  • A-
  • A
  • A+

Dilçi-türkoloq alim Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyi ərəfəsində biblioqrafik göstəricisi işıq üzü görüb.

Bölmənin Rəyasət Heyətinin 21 fevral 2020-ci il tarixli qərarı ilə çap edilən kitabın elmi redaktoru akademik İsmayıl Hacıyevdir.

Biblioqrafik göstərici Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və pedaqoq Əbülfəz Quliyevin elmi və pedaqoji fəaliyyətinin 1972-ci ildən bugünədək olan dövrünü əhatə edir.

Kitabda alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi və elmi kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri, o cümlədən dissertasiyalara rəhbərlik və opponentlik işləri işıqlandırılıb. Həmçinin Ə.Quliyevin ictimai və elmi pedaqoji fəaliyyəti ilə bağlı qısa oçerk verilib, əsərləri və özü haqqında nəşr olunan yazılar yer alıb.

Bundan başqa, nəşrdə dilçi alimin Azərbaycan dilinin tarixi və türk dillərinin tarixini təbliğ edən müxtəlif beynəlxalq konfrans, simpozium və elmi seminarlarda çıxış və məruzələri əksini tapıb.

Filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızının tərtib etdiyi vəsaitin sonunda Əbülfəz Quliyevin əsərlərinin, müştərək müəlliflərin və alim haqqında yazılmış məqalələrin əlifba göstəriciləri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: