www.science.az
06.03.2020 16:15

Azərbaycan qadını respublikanın ictimai-siyasi həyatında aktiv iştirak edir

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq əlamətdar günün tarixi barədə danışıb. Qeyd edib ki, 1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında Klara Setkinin təklifi ilə Nyu-Yorkda öldürülən 129 qadın işçinin xatirəsinə ehtiram əlaməti olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi qəbul edilib.

Ölkəmizdə qadınların hüquq və azadlığına önəm verildiyini deyən M.Mərdanov Azərbaycanın 1995-ci ildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını nəzərdə tutan beynəlxalq konvensiyaya qoşulduğunu bildirib. Bundan əlavə, o, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradıldığını xatırladıb, Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini söyləyib.

Daha sonra çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov müəssisənin xanım əməkdaşlarını təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.