www.science.az
13.10.2014 00:00

“Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi”nin ikinci plenar iclası öz işinə başladı

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) “Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi”nin ikinci plenar iclası öz işinə başladı.

Tədbir GGİ-nin təşkilatçılığı, UNESCO-nun, Beynəlxalq Geologiya Elmləri Birliyinin və Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun (Vinnipeq, Kanada) maliyə dəstəyi ilə reallaşıb.

Rusiya, Ukrayna, Kanada, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdikləri iclasda AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, GGİ-nin Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov müzakirə olunan mövzunun əhəmiyyətindən danışdı.

Bildirdi ki, beynəlxalq tədbirin əsas məqsədi dəniz sularında müxtəlif təsirlər nəticəsində baş verən dəyişikliklər, ölkə ərazilərinin torpaqlarının neftlə çirkləndirilməsi, radioaktivlik, iqlim və ətraf mühit dəyişiklikləri, geoekoloji balanslılıq kimi məsələləri müzakirə etməkdir.

Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun professoru Valentina Yanko-Hombaxçıxışında bildirdi ki, layihənin məqsədi dünya alimlərinin diqqətini regionun geoloji təkamülünə yönəltmək və aparılan tədqiqatların səmərəliliyini qarşılıqlı təcrübə əsasında daha da artırmaqdır.

Tədbirdə dənizlərdə iqlim və ətraf mühit dəyişiklikləri, Qara dənizin cənub sahillərində dəniz səviyyəsinin qalxması ilə tektonik dəyişikliklər arasındakı əlaqə, Xəzər dənizinin qərb sahillərində geoekoloji balanslılığın reabilitasiyası, qiymətləndirilməsi və digər mövzularda məruzələr dinlənildi.

Qeyd edək ki, oktyabrın 20-dək davam edəcək tədbir çərçivəsində çöl ekskursiyalarının təşkili, həmçinin Qız qalasına, Şirvanşahlar Sarayına, Qobustan Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, qədim tarixə malik Lahıca da səyahətlər planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.