Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda beynəlxalq konfransa start verildi
12.11.2013 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda beynəlxalq konfransa start verildi

Noyabrın 11-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda beynəlxalq konfransa start verildi.

Tədbiri institutun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova açaraq rəhbərlik etdiyi elmi müəssisənin tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Arxeologiya və Etnoqrafiya İnstitutu 1993-cü ildə eyniadlı sektorun bazasında yaradılmışdır.

Ölkəmizdə arxeologiya və etnoqrafiya elminin inkişafından söhbət açan M.Rəhimova bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı.

M.Rəhimova qeyd etdi ki, Prezident İlham Əliyevin qədim abidələrimizin, maddi və mənəvi mədəniyyətimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan arxeologiya və etnoqrafiya elmləri yüksək inkişaf pilləsinə çatmışdır. Hazırda respublikamızın bütün bölgələrini əhatə edən 50-yə yaxın arxeoloji və etnoqrafik ekspedisiya fəaliyyət göstərir. Bu ekspedisiyaların tədqiqat obyektləri ibtidai insan düşərgələri, qədim yaşayış məskənləri, erkən şəhər tipli yaşayış yerləri və müxtəlif tipli abidələrdir. Etnoqrafik ekspedisiyalar zamanı xalqımızın maddi və mənəvi mədəniyyətinə aid bütün dövrləri əhatə edən geniş tədqiqatlar aparılır.

Xarici həmkarlarla birgə aparılan arxeoloji qazıntılardan da söhbət açan direktor konfransda 11 ölkədən 35 alimin iştirak etdiyini bildirdi.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev, Moldova Elmlər Akademiyasının Mədəni İrs İnstitutunun Arxeoloji Mərkəzinin direktoru Oleq Levitski, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, A. Marqulan adına Arxeologiya İnstitutunun direktoru Bauerjan Baytanayev və başqaları çıxış etdilər.

Natiqlər yeni maddi-mədəni abidələrin aşkar olunmasında institut əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirdilər, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini ifadə etdilər.

Qeyd edək ki, konfrans noyabrın 14-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: