Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nüvə tədqiqatlarına dair çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişi imzalanıb
05.03.2020 14:30
  • A-
  • A
  • A+

Nüvə tədqiqatlarına dair çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişi imzalanıb

AMEA-nın Fizika İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) və Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutu arasında nüvə tədqiqatlarına dair çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

BDU-da baş tutan mərasimi bu qurumun rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev açaraq ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, universitetin beynəlxalq əlaqələrindən bəhs edib. O, BDU-nun yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi sahəsində görüləcək işlərdən danışıb, birgə əməkdaşlığın bu istiqamətdə faydalı olacağını vurğulayıb.

Daha sonra çıxış edən BNTİ-nin direktoru, akademik Viktor Matveyev Rusiya ilə Azərbaycan arasındakı elmi əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirib. Bildirib ki, sazişin əsas istiqamətlərindən biri nüvə tədqiqatları sahəsində gələcək çağırışlara cavab verən elmi potensialın istehsalatda tətbiqidir.

Elmi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayan Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov sazişin elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı baxımdan əhəmiyyətini qeyd edib.

Daha sonra Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutunun baş direktoru Erqazi Kenjin çıxış edərək ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən danışıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev isə çıxışında müştərək elmi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra nüvə tədqiqatlarına dair çoxtərəfli beynəlxalq əməkdaşlıq sazişi imzalanıb. Sənəd müştərək innovativ tədqiqat layihələrinin işlənib hazırlanması, qarşılıqlı əməkdaşlıq şəraitində tərəflərin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, birgə konfrans, seminar və simpoziumların, eləcə də elmi-tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, mərasimdən öncə akademik Viktor Matveyev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Rusiyalı qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini yad ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: