Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana ödənişli kitabxana xidmətləri ilə bağlı açıqlama yayıb
02.03.2020 10:26
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana ödənişli kitabxana xidmətləri ilə bağlı açıqlama yayıb

Son günlərdə sosial şəbəkələrdə və mediada ödənişli kitabxana xidmətləri ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) ünvanına səsləndirilən fikirlərə dair MEK açıqlama yayıb.

Açıqlamada bu qurumun 2015-ci ildən başlayaraq müasir kitabxana xidmətlərini AMEA əməkdaşları ilə yanaşı, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına təqdim etdiyi bildirilir. Qeyd olunur ki, 2017-ci ildən oxucuların xahişi əsasında və AMEA rəhbərliyinin dəstəyi ilə MEK saat 09:00-22:00-dək ikinövbəli xidmət göstərir.

Xidmətlər AMEA-nın bütün əməkdaşlarına və magistrantlarına imtiyazlı, Qarabağ müharibəsi əlillərinə, 20 yanvar şəhidlərinin ailələrinə, müharibə veteranlarına, 70 yaşına çatmış və bir sıra başqa şəxslərə isə pulsuz göstərilir. Son üç il ərzində qanunvericilik çərçivəsində və şəffaflıq-hesabatlılıq prinsipləri gözlənilməklə AMEA-nın əməkdaşı və magistrantı olmayan şəxslərə dair yeni qiymət cədvəli tətbiq edilir.

Azərbaycan Respublikasının elm sahəsinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilmə mexanizminin olmasını, həmçinin MEK-in 2020-ci il üçün müəyyən etdiyi texniki proqram təchizatı ehtiyaclarını və fəaliyyət proqramını nəzərə alaraq, cari il üçün kitabxananın əlavə xidmətlərindən nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənib. Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir.

Oxucuların istinad etdiyi “xaricdə pulsuz kitabxana xidməti” də pulsuz deyil və bu, müvafiq qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələri üzrə kitabxana xidmətləri təklif edə bilmədikləri zaman mütəxəssis kimi formalaşmasında maraqlı olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur – xidmət göstərilirsə, müvafiq ödənişi olmalıdır. 

Qeyd edək ki, AMEA rəhbərliyi akademiyanın magistrantlarının MEK-ə abunə xidmətlərini öz üzərinə götürüb. Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxanadan limitsiz istifadə etmək hüququnu əldə edir. 

Müzakirələr zamanı oxucular şəffaflığın olmaması məsələsini də səsləndirir. Tətbiq edilən qiymətlər MEK saytında, sosial şəbəkə səhifələrində açıq şəkildə yerləşdirilir. “Oxucu kartı” oxucunun öz razılığı ilə şəxsiyyət vəsiqəsi əsasında hazırlanır, kart üçün ödənilən vəsait mədaxil orderində iki nüsxədə əks olunur, orderin bir nüsxəsi oxucuya verilir, ikinci nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur. Vəsaitin aidiyyəti üzrə xərclənməsinə Maliyyə Nazirliyinin 12 saylı Xəzinədarlıq İdarəsi tərəfindən nəzarət edilir. Şəxsi məlumatların əks olunduğu kart oxucuda saxlanılır. Oxucu kartdan istənilən vaxt müddəti məhdudlaşdırılmadan MEK-in iş vaxtı ərzində istifadə etmək hüququna malikdir.

MEK rəhbərliyi gənclərin təhsilə və peşə inkişafına doğru atdığı addımları yüksək qiymətləndirir, müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin rolunu nəzərə alaraq, oxucuların bu sahədə səsləndirdiyi ehtiyacların qarşılanması yollarını araşdırır və bununla bağlı bir sıra yeni layihələr hazırlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: