Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutunda beynəlxalq olimpiadaya hazırlıq layihəsinin yekun tədbiri keçirilib
02.03.2020 12:05
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda beynəlxalq olimpiadaya hazırlıq layihəsinin yekun tədbiri keçirilib

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı” layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbirdə ACC-nin prezidenti və elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədov müvafiq fənnin tədrisinin, eləcə də coğrafi biliklərin və informasiyanın yayılmasının əhəmiyyətindən, ölkə rəhbərliyinin coğrafiyaçılara verdiyi dəyərdən danışıb. 

Daha sonra layihənin rəhbəri Yaşar Seyidəliyev iGeo barədə ətraflı məlumat verib. Bildirib ki, olimpiada 1996-cı ildən Beynəlxalq Coğrafiya Birliyinin tərkibində fəaliyyət göstərir və builki 17-cı iGeo olimpiadası İstanbulda keçiriləcək.

Azərbaycan coğrafiyaçılarının 2015-ci ildən iGeo ilə əməkdaşlıq etdiyini deyən Y.Seyidəliyev komandanın yarışlara yaxşı hazırlaşdığını vurğulayıb.

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Səkinə Ağalarova, BDU-nun coğrafiya müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Nərminə Seyfullayeva olimpiadaya hazırlaşan şagirdlərə dəstək olacaqlarını bildiriblər.

Tədbirdə layihəyə ikinci ev sahibliyi edən Fortis Group MMC-nin həyata keçirdiyi “Fortis Academy” proqramının direktoru Ramil Hacıyev müvafiq təqdimatla çıxış edib.

Sonda layihə müddətində keçirilmiş 3 imtahanın nəticələrinə görə qalib və iştirakçı şagirdlərə, eləcə də layihəyə dəstək verənlərə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: