Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

UNEC-də 27 fevral-27 mart tarixlərində “Elm aylığı” elan olunub
02.03.2020 11:03
  • A-
  • A
  • A+

UNEC-də 27 fevral-27 mart tarixlərində “Elm aylığı” elan olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə ali təhsil müəssisəsinin rektoru, professor Ədalət Muradov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamına əsasən martın 27-nin ölkəmizdə Elm Günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də “Elm aylığı”na start verildiyini bildirib. O, “Elm aylığı”nda maarifləndirmə tədbirlərinin, elmi-praktik seminarın, dəyirmi masaların, görkəmli alimlərlə görüşlərin, kitab təqdimatları və kitab sərgisinin keçiriləcəyini deyib.

Rektor konfransın mövzusunun aktuallığına toxunaraq, aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılmasının önəmini qeyd edib. O, UNEC-də bu istiqamətdə əldə olunan uğurlu nəticələrdən danışıb, patentlərin kommersiyalaşdırılması ilə bağlı təklif irəli sürüb.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov “Əqli mülkiyyət və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması” mövzusunda təqdimatla çıxış edib. K.İmanov ölkədə innovasiya potensialının nəticələrdən daha yüksək olduğunu diqqətə çatdıraraq, imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb. O, elmi fəaliyyətin müasir modelinin 3.0 universitet səviyyəsinə qaldırılmasında önəmli məqamları açıqlayıb. 

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb. 

“Elm gələcək üçün, elm bütün insanlar üçün” mövzusunda məruzə ilə çıxış edən Dilqəm Tağıyev müasir dünyada elmin əhəmiyyətli rolu, elmin və tərəqqinin sürətli inkişafının nəticələri, elmi etika, bəşəriyyətin və ətraf mühitin qorunmasında alimlərin üzərinə düşən vəzifələr, eləcə də digər məsələlərdən bəhs edib.

Tədbir İqtisadiyyat üzrə Nobel mükafatçıları Maykl Kremer, Ester Duflo və Abhicit Banerci haqqında məruzələrin dinlənilməsi üzrə panel iclasında işini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: