Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın qədim dövr əhalisinin fiziki antropoloji tipi barədə əsər nəşr edilib
02.03.2020 09:35
  • A-
  • A
  • A+

Azərbaycanın qədim dövr əhalisinin fiziki antropoloji tipi barədə əsər nəşr edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Kiriçenkonun “Azərbaycanın paleoantropologiyası (e.ə. VII- b.e. V əsrlər)” monoqrafiyası rus dilində işıq üzü görüb.

Monoqrafiyada Azərbaycanın göstərilən dövrə aid müxtəlif tipli qəbir abidələrindən olan kranioloji seriyalar və kəllələr nəzərdən keçirilir.

Üç fəsildən ibarət olan əsərin birinci hissəsində skif dövrünün (e.ə. VII-IV əsrlər) paleoantropoloji materiallarının tədqiqinin nəticələri əksini tapıb. Tədqiqata Mingəçevir, Fazıllı (Şəki rayonu), Qazıqulu (Tovuz rayonu) nekropollarından və Sarıtəpə yaşayış yerindən (Qazax rayonu) tapılmış kranioloji materiallar cəlb edilib. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Azərbaycan skifləri başqa skif qrupları (Ukraynanın və Macarıstanın çöl skif seriyaları) ilə oxşarlığa malik olublar.

Əsərin ikinci fəslində Azərbaycanın antik dövr qəbir abidələrində zəif və sıx bükülü skeletli torpaq, gil-sarkofaq (təknə), küp, taxta qutu, katakomba qəbirlərində və eramızın ilk əsrlərinin uzadılmış skeletli torpaq qəbirlərindən olan kranioloji seriyalar və müxtəlif tipli kəllələr araşdırılır. Belə ki, e.ə. V-III əsrlərə aid Mingəçevir, Balakən, Ağsu, Şəki, Yardımlı, Qusar və Quba rayonundakı abidələrin müxtəlif çeşidli qəbir tiplərindən tapılmış paleoantropoloji materiallar tədqiqata cəlb edilib.

Monoqrafiyanın 3-cü fəslində bizim eranın ilk əsrlərində Azərbaycan ərazisində süni deformasiya adətinin yaranması və yayılması məsələləri, antik dövrə aid kəllələr üzərindəki trepanasiyalar, zədələr və patologiyalar barədə məlumat yer alıb. Azərbaycan ərazisində eramızın ilk əsrlərində yayılmış süni deformasiya Mingəçevir, Qəbələ, Şəki və s. nekropolların uzadılmış skeletli torpaq qəbirlərində aşkarlanıb. Başın deformasiya adətinin Azərbaycan ərazisində yaranması Sarmat-Alan tayfalarının gəlişi ilə ehtimal edilir. Yerli Alban tayfaları o zamankı dəbə uyğun olaraq və ya cəmiyyətin elit hissəsinə mənsubluq kimi bu adəti qismən mənimsəyiblər.

Monoqrafiyada kranioloji ölçmələrin geniş tabloları və tədqiq edilmiş paleoantropoloji materailların foto və qrafik təsvirlərini əks etdirən illüstrasiyalar da var.

Tədqiqatların nəticəsinə görə, avropoid irqinin cənub (Aralıq dənizi) qolunun Kaspi antropoloji tipi Azərbaycanda mezolit dövründən başlayaraq indiki zamanadək təmsil olunub. Bununla da Azərbaycan əhalisinin antropoloji vərəsəliyi qədimlərdən indiyədək qorunub saxlanılır.

Monoqrafiya antropoloq, arxeoloq və tarixçilər, eləcə də Azərbaycan, Qafqaz, Yaxın Şərq və bütövlükdə Avrasiya tarixinin antik dövrü ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: