Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.02.2020 15:06
  • A-
  • A
  • A+

Kənd Təsərrüfatı naziri İnam Kərimov Lənkəran Regional Elmi Mərkəzinin təcrübə sahəsinə baxış keçirib

Kənd Təsərrüfatı naziri İnam Kərimov Lənkəran Regional Elmi Mərkəzinin təcrübə sahəsinə baxış keçirib

AR Kənd Təsərrüfatı naziri İnam Kərimov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru İlham Qurbanov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) təcrübə bazasına baxış keçiriblər.

LREM-nin direktoru, professor Fərman Quliyev qonaqlara Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ETİ-nin Lənkəran çay filialı ilə birgə apardıqları tədqiqatlardan, əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, ötən müddət ərzində dörd yeni məhsuldar çay sortu yaradılaraq rayonlaşdırılıb, həmçinin 2 sitrus sortu Dövlət Sort Sınağına təqdim olunub. O, digər sitrus sortları ilə bağlı elmi-tədqiqat işlərinin davam etdirildiyini, yeni yaradılan sort və növlərin artırılması, onların tezliklə istehsalata tətbiqi məqsədilə əməli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir İnam Kərimov və qonaqlar mərkəz tərəfindən hazırlanan sadə dumanyaradıcı qurğu, o cümlədən ötən il salınan anaclıq tinglik çay plantasiyası ilə də tanış olublar. Professor Fərman Quliyev yeni yaradılan məhsuldar çay və sitrus sortlarının artırılması istiqamətində təkliflərini diqqətə çatdırıb.

İ.Kərimov verilən təkliflər əsasında burada daha müasir dumanyaradıcı qurğunun inşa ediləcəyini və sitrus bitkiləri genefondunun genişləndirilməsi üçün dəstək veriləcəyini bildirib.

Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanov LREM-in əsas binasında olub, burada nümayiş etdirilən sitrus bitkiləri genefondundan ibarət sərgiyə baxış keçiriblər.

Qeyd edək ki, cari il yanvar ayının 30-da AMEA-da Kənd Təsərrüfatı naziri İnam Kərimovla keçirilən görüşdə akademiya ilə aqrar təşkilatların birgə fəaliyyətinin genişləndirilməsi, əldə olunan nailiyyətlərin istehsalata tətbiqi istiqamətində müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: