Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun anadan olmasından 140 il ötür
25.02.2020 09:17
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun anadan olmasından 140 il ötür

Bu gün tanınmış tarixçi, numizmatika üzrə görkəmli alim, Azərbaycanın Əməkdar elm xadimi, “Şərəf nişanı” ordenli, AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun anadan olmasından 140 il ötür.

Yevgeni Aleksandroviç Paxomov 1880-ci ildə Rusiya imperiyasının Stavropol diyarında doğulub. 1896-cı ildə Tiflisdə orta məktəbi başa vuran Y.Paxomov 1900-cu ildə Sankt-Peterburq Arxeologiya İnstitutunu, 1902-ci ildə isə Texnologiya İnstitutunu bitirib. 1920-ci ildə Bakıya köçən alim Azərbaycan Tarixi Muzeyinin təşkilatçılarından biri olub.

1919-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətinə başlayan Yevgeni Paxomov, eyni zamanda Tarix İnstitutunda elmi işçi, 1920-1965-ci illərdə isə Azərbaycan Tarixi Muzeyində şöbə müdiri kimi fəaliyyət göstərib.

Onun Bakı Xalq Təhsili İnstitutunda oxuduğu mühazirələr 1923-cü ildə ümumiləşdirilərək “Azərbaycan tarixinin qısa kursu” kitabı adı altında nəşr edilib. Bu kitab Azərbaycanın tarixinə dair ilk dərsliklərdən biridir. Alimin elmi əsərləri, əsasən Azərbaycan numizmatikasının, arxeologiyasının, qədim və orta əsrlər dövrünün öyrənilməsinə həsr olunub.

Y.Paxomov 1946-cı ildə “Azərbaycanın və Qafqazın dəfinələrinə dair” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1947-ci ildə professor elmi adını alıb, 1962-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O, Azərbaycan Tarixi Muzeyində zənginliyinə və dəyərinə görə keçmiş SSRİ-də şöhrət qazanmış Yaxın və Orta Şərq, Qədim Roma imperiyası və Yunanıstan, habelə Rusiya sikkələrindən ibarət olan nadir numizmatika kolleksiyasını yaradıb. Əvvəllər 103 sikkənin saxlanıldığı muzey kolleksiyasını o, 30 000 nüsxəyə çatdırıb. Alim Azərbaycanda və Qafqazda sikkə dəfinələrinə dair silsilə əsərlər nəşr etdirib. 1959-cu ildə onun “Azərbaycan sikkələri” monoqrafiyasının birinci buraxılışı dərc olunub.

Numizmatika elminin inkişafındakı xidmətlərinə və səmərəli pedaqoji fəaliyyətinə görə Yevgeni Paxomov 1955-ci ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb, “Şərəf nişanı” ordeni və digər medallarla təltif olunub.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə alimin tarix və numizmatika elmi sahəsindəki xidmətləri və anadan olmasının 140 illiyi ilə əlaqədar elmi sessiya keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: