Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
24.02.2020 17:15
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

AMEA-nın Fizika İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri müəssisənin direktoru, akademik Nazim Məmmədov açaraq bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər, eləcə də Xocalıda baş verənlər unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır.

Sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov diqqətə çatdırıb ki, 1988-ci ildən etibarən Ermənistanın təhriki ilə Qarabağ erməniləri Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başlayıblar. O, 1988-1990-cı illərdə Ermənistandan 200 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulduğunu, ermənilərin müxtəlif təxribat xarakterli hadisələr nəticəsində Azərbaycan torpaqlarında yerləşməyə çalışdıqlarını söyləyib. Akademik bu hadisələrinin ən dəhşətlisinin 1992-cil fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verdiyini, soyqırım zamanı 613 nəfərin qətlə yetirildiyini, 1275 nəfərin əsir alındığını, 487 nəfərin isə ağır yaralandığını vurğulayıb. Cavad Abdinov çıxışında Xocalıda ermənilərin törətdikləri vəhşiliklərdən, ermənilərin dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə etdiklərini bildirib.

İnstitutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova isə bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamdan sonra Xocalı soyqırımı dövlət səviyyəsində anılır. O, strateji və tarixi əhəmiyyətə malik Xocalı şəhərinin Azərbaycanın qədim yaşayış məskəni olmasını sübut edən abidələrlə zəngin olduğunu deyib.

Tədbirdə, həmçinin müəssisənin əməkdaşları Lalə Əliyeva və Aytən Şərifli şəhidlərin xatirəsinə həsr olunan şeirlərlə çıxış ediblər.

Sonda Xocalı soyqırımına dair film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: