www.science.az
08.10.2014 00:00

Parlaq yolda Vətənə xidmət

Neft, qaz və kimyanın geotexnoloji problemləri sahəsində tanınmış alim, Yer Elmləri Bölməsinin büro üzvü, AMEA-nın müxbir üzvü Elmira Ramazanovanın 80 yaşı tamam olur.

Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla,1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1965-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1975-ci ildə texnika üzrə elmlər doktoru, 1978-ci ildə professor elmi adını almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

E.Ramazanova əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlamış, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur.

E. Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun əsas tədqiqat işləri neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində apardığı işlərdir. Alim, həmçinin bir sıra beynəlxalq səviyyəli ekoloji layihələrin rəhbəridir.

2004-cü ildə onun rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunmuşdur.

Alim Ümumdünya Bankının dəstəyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə qrant layihəsinin rəhbəri və qalibi olmuşdur.

400-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 11 tədris-metodiki vəsait, 16 elmi-metodik rəhbərlik, 30 patent və ixtiranın müəllifidir. 21 fəlsəfə doktoru, 1 elmlər doktorunun rəhbəri və məsləhətçisi olmuşdur.

E.Ramazanova Afina Milli Kapodistrian Universitetinin Avrasiya jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Neft Təsərrüfatı jurnalının və “Vışka” qəzetinin redaksiya heyətinin üzvü, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu Elmi əsərlər məcmuəsinin baş redaktoru, Azərbaycan Milli Neft Komitəsinin vitse-prezidentidir.

E.Ramazanova elm və texnologiyaların inkişafındakı nailiyyətlərinə görə “Şərəf nişanı”ordeni, Əməkdar elm xadimi, “SSRİ Neft sənayesi əlaçısı” nişanı , SSRİ-nin Fəxri neftçisi, “Vyetnamın Neft Sənayesinin Fəxri Xadimi” və İqtisadi Əməkdaşlıq Təşkilatının “11-ci sammit ECO-2010” mükafatlarına layiq görülmüşdür.

 AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.