www.science.az
20.02.2020 15:11

Tələbələr Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan tədqiqat işlərinə cəlb ediləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) istehsalat təcrübəsinə başlayıblar.

Bu münasibətlə universitetin Fövqəladə hallar və həyat təhlükəsizliyi kafedrasının baş müəllimləri, təcrübə qrupunun rəhbərləri - Emil Qafarov və Aytən Əhmədova RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.

Görüş zamanı elm və təhsil müəssisələrinin birgə əməkdaşlığının önəminə toxunan Q.Yetirmişli iki qurum arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. O, mərkəzdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən danışıb. Tələbələrin RSXM-in müvafiq şöbələrində aparılan elmi-tədqiqat işlərinə cəlb olunacağını deyən alim qarşılıqlı əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

E.Qafarov isə tələbələrin bilik və bacarıqlarının artırılması üçün RSXM-də yaradılan şəraitə görə Q.Yetirmişliyə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.