Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2020 14:10
  • A-
  • A
  • A+

AMEA-nın Azad Həmkarlar İttifaqı hesabat verib

AMEA-nın Azad Həmkarlar İttifaqı hesabat verib

Fevralın 20-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib.

İclasda qurumun sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov rəhbərlik etdiyi təşkilatın 2019-cu ilə dair hesabatını təqdim edib. Bildirib ki, ötən il elmi fəaliyyətlə məşğul olan şəxslərə dəstək vermək, onların əməyini qiymətləndirmək, maddi-sosial problemlərini həll etmək, o cümlədən mədəni-kütləvi mərasimlərdə iştirakını, asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Qeyd edib ki, hesabat ilində 379 nəfər sanatoriyalara göndərilib, 215 nəfər pulsuz tibbi müayinə aksiyalarından yararlanıb, həmçinin elmi müəssisə və təşkilatlar zəruri dərman və ilkin tibbi yardım avadanlıqları ilə təmin olunub. Akademiya əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan H.Qurbanov 2019-cu ildə bir çox maddi yardımların edildiyini, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunmuş yarmarkalar vasitəsilə bazar qiymətindən 30% ucuz meyvə-tərəvəz və ərzaq məhsullarının satışa çıxarıldığını söyləyib. Bundan əlavə, alimlərin mədəni istirahətini təmin etmək məqsədilə 1645 nəfərin teatr və konsertlərə göndərildiyini, eyni zamanda AMEA əməkdaşlarının övladları üçün 4000-dən çox Yeni il biletinin alındığını vurğulayıb.

İttifaq tərəfindən keçirilən tədbirlərdən bəhs edən məruzəçi bildirib ki, AHİ-nin dəstəyi ilə ötən il 8 Mart Beynəlxalq Qadınlar bayramı, gender bərabərliyi, qadınlar elmdə və s. mövzulara həsr olunan konfranslar baş tutub. Həmçinin cari ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzlərindən dəvət olunmuş epidemioloqlar tərəfindən AMEA-nın 20 müəssisəsində koronavirusa qarşı maarifləndirici tədbirlər təşkil edilib.

Akademiyada idman oyunlarına xüsusi diqqət yetirdiklərini deyən H.Qurbanov gənc alim və mütəxəssislər arasında futbol çempionatlarının keçirildiyini, AMEA Şəhərciyinin həyətində voleybol və basketbol meydançalarının salındığını söyləyib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Hesabat Məclis üzvləri tərəfindən qənaətbəxş hesab olunaraq qəbul edilib.

İclasda, həmçinin 9 may faşizm üzərində qələbənin 75 illiyi münasibətilə elmi müəssisə və təşkilatlarda müharibə və əmək veteranları üçün tədbirlərin keçirilməsi qərara alınıb. Bundan əlavə, AMEA Yüksək Texnologiyalar Parkının həmkarlar təşkilatının yeni sədri məclis üzvləri tərəfindən təsdiqlənib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: