www.science.az
18.02.2020 12:14

ADU-nun tələbələri İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsində təcrübə keçirlər

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbələri AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsində istehsalat təcrübəsinə başlayıblar.

Əvvəlcə təcrübəçi tələbələr - Şəms Səfərəliyeva, Lalə Həsənli, Qəlbinə Quliyeva, Elnurə Abdullayeva, Kənan Quliyev və onların müəllimi Nigar Qarayeva İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovla görüşüblər.

Görüş zamanı çıxış edən A.Şükürov bildirib ki, AMEA ölkəmizdə dövlətin elm siyasətini həyata keçirən ali elmi qurumdur.

Rəhbərlik etdiyi şöbənin strukturu və fəaliyyət istiqamətləri barədə məlumat verən A.Şükürov gənclərin diqqətinə çatdırıb ki, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi AMEA prezidentinin və digər rəhbər vəzifəli şəxslərin rəsmi və işgüzar xarakterli səfər və görüşlərini ictimaiyyətə çatdırır, həmçinin akademiyanın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələrinin təşkilini həyata keçirir, bununla əlaqədar press-relizlər, müsahibələr hazırlayır. O, Azərbaycanda elmin təbliği istiqamətində şöbə tərəfindən "Elm" qəzetinin, "Elm və Həyat" jurnalının nəşr olunduğunu, science.az portalı və “Elm TV” İnternet televiziyasının istismarının həyata keçirildiyini söyləyib.

A.Şükürov tələbələrə təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.

Daha sonra gənclər şöbənin sektorlarında iş prosesi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.