Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Samur-Abşeron arası düzən torpaqlarının 97,5 %-i deqradasiyaya məruz qalıb
18.02.2020 09:44
  • A-
  • A
  • A+

Samur-Abşeron arası düzən torpaqlarının 97,5 %-i deqradasiyaya məruz qalıb

AMEA-nın Coğrafiya İnstitutunda "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən müəssisənin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev bildirib ki, təbii amillərlə yanaşı, örüş və otlaq sahələrinin azalması, əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqları deqradasiyaya məruz qoyub. Alim diqqətə çatdırıb ki, ətraf torpaq sahələrinin qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi də sözügedən problemi yaradıb.

Tədqiqatlar nəticəsində cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyünün, su və külək eroziyasının, əhalinin sıxlığının müəyyənləşdirildiyini deyən İ.Quliyev bioiqlim rayonlaşma, texnogen və antropogen amillərə görə torpaqların deqradasiyasının qiymətləndildiyini vurğulayıb. Onun sözlərinə görə, Samur-Abşeron arası düzən torpaqların 250,5 hektarı (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,6 hektarı (ümumi ərazinin 31,3 %-i) mülayim, 20,911 hektarı isə (ümumi ərazinin 4,8 %-i) zəif deqradasiya olmaqla, ümumilikdə torpaq örtüyünün 97,5 %-i müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.

O, çıxışının sonunda hazırladığı kompleks tədbirlər planını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: