Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.02.2020 13:56
  • A-
  • A
  • A+

“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib

“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda növbəti elmi sessiya keçirilib. 

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə danışıb. Alim bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu deyərək, onların əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb.

İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatlar aparan Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli, Qorxmaz Quliyev, Yaşar Qarayev kimi alimlərin fəaliyyəti haqqında məlumat verib. O, problemin öyrənilməsi üçün institutda Ədəbi cərəyanlar sektorunun açıldığını diqqətə çatdırıb.

Alim Azərbaycan ədəbiyyatında tarixən erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların formalaşdığını, müstəqillik dövründə isə dekadenizm, magik realizm, neorealizm, postmodernizm cərəyanlarının müşahidə olunduğunu bildirib.

Ədəbi məktəb və ədəbi cərəyanlar problemindən də danışan akademik İ.Həbibbəyli ədəbi məktəblərin uzunmüddətli olduğunu, ədəbi cərəyanların isə müəyyən bir zaman sərhəddində meydana gəldiyini deyib. Alim müstəqillik dövrü ədəbi cərəyanlarının formalaşmasında Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakultəsinin, Kulis.az saytının, “Ulduz” jurnalının və s. rolunu qeyd edib.

Daha sonra fil.ü.e.d. Cavanşir Əliyevin “Strukturalizm və poststrukturalizm metodlarının tarixi mənşəyi və ədəbi əsərlərin təhlilində mövqeyi”, fil.ü.e.d. Pərvanə İsayevanın “Formalizm və müasir filoloji fikrə təsir mexanizmi”, fil.ü.f.d. Elnarə Qaragözovanın “Postmodernizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində”, fil.ü.f.d., dos. Maral Yaqubovanın “Ədəbiyyatşünaslıqda postmodernist mətnin təhlili problemləri”, həmçinin institutun Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçiləri Şəfa Əliyevanın “Tənqidi realizm və müasir ədəbi-nəzəri fikir” və Dilarə Əliyevanın “Modernizmin tipoloji xüsusiyyətləri və Azərbaycan nəsrində təzahürü” mövzusunda məruzələri dinlənilib.

Sessiyada institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd və Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, fil.ü.e.d. Məmməd Əliyev çıxış edərək ədəbiyyat tarixinin düzgün dövrləşdirilməsinin önəmini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: