www.science.az
13.02.2020 19:57

Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib

Fevralın 13-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) bu müəssisənin Ekspertlər Şurasının iclası keçirilib. 

Öncə YT Parkın Ekspertlər Şurasının AMEA Rəyasət Heyətinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş yeni tərkibinin vəzifələri haqqında məruzə dinlənilib. Bu barədə Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edib. Alim Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, hazırda ölkə iqtisadiyatında ümumi daxili məhsulun üçdə iki hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü diqqətə çatdırıb.

Şura sədri süni intellekt texnologiyaları sahəsində multidissiplinar tədqiqatların aparılmasının əhəmiyyətindən bəhs edərək, bu istiqamətin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini vurğulayıb. O, AMEA-da fundamental tədqiqatlarla yanaşı, Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların da aparılmasının vacibliyindən danışıb, bu baxımdan YT Parkın önəmli rola malik olduğunu qeyd edib.

Parka dövlət tərəfindən mütəmadi olaraq dəstək verildiyini, müəyyən vergi güzəşlərinin edildiyini və burada tətbiqi tədqiqatlar üçün münbit şəraitin yaradıldığını deyən R.Əliquliyev müəssisəyə gənclərin cəlb edilməsi, startap layihələrə dəstək verilməsi və müxtəlif sərgilərin təşkil olunmasının vacibliyini vurğulayıb.

“Ekspertlər Şurası üzvlərinin rəhbərlik etdiyi elmi qurumların hər biri innovativ potensiala malikdir”, – deyən alim Şuranın innovasiya və ya yüksək texnologiya layihələrini qiymətləndirmə vəzifəsini yerinə yetirməklə yanaşı, intellektual ötürücü funksiyasını da icra edərək, yeni təşəbbüslər irəli sürəcəyini diqqətə çatdırıb.

Sonra YT Parkın Ekspertlər Şurasının üzvləri çıxış ediblər. Bildirilib ki, prioritet istiqamətlərdə aparılan tədqiqatların və innovativ layihələrin istehsalatda tətbiqi, dünya bazarına çıxışı, o cümlədən elmin maliyyələşdirilməsi son dərəcə aktual məsələlərdir. Bu məqsədlə yüksək texnologiyalardan istifadə edilməsi, dövlət sifarişlərinin qəbulu, eləcə də xarici təcrübənin öyrənilməsi məqsədəuyğundur.

Müzakirələr zamanı, həmçinin dövlətin investisiya proqramında fəal iştirak edərək elmtutumlu iqtisadiyyatın formalaşmasına dəstək verilməsinin zəruriliyi qeyd olunub.

Daha sonra YT Parkın baş direktoru, professor Elton Məmmədov çıxış edərək qaldırılan məsələlərlə bağlı qısa zaman ərzində kifayət qədər böyük işlərin görüldüyünü, Parkın rezidentlərinin dayanıqlığını təmin etmək üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. O, Parkın fəaliyyətində mövcud olan bir sıra texnoloji və hüququ problemləri diqqətə çatdıraraq, bu çatışmazlıqların aradan qaldırılmasının qarşıda duran əsas hədəflərdən olduğunu söyləyib.

“YT Park ərazisində fəaliyyət göstərən hər bir rezident üçün lazımi şəraitin yaradılması və onlara dəstək göstərilməsi üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə bildirən alim elmtutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar və sahibkarların birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

E.Məmmədov AMEA-nın müəssisə və təşkilatları, eləcə də ölkədə fəaliyyət göstərən ali məktəblərin laboratoriyalarında aparılan elmi tədqiqatların kommersiyalaşdırılmasının vacibliyini vurğulayıb, istehsalata yönələn hər bir texnologiyanın ümumilikdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.

Müvafiq icra hakimiyyəti orqanları və xarici investorlar ilə səmərəli əməkdaşlığın təşkilindən söz açan YT Parkın direktoru bu əlaqələrin artıq müsbət nəticələr verdiyini, qarşılıqlı müzakirələr aparılaraq bir sıra mühüm qərarların qəbul olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli istehsalçılar tərəfindən yüksək keyfiyyətli məhsullar təqdim olunarsa, daxili bazarda Azərbaycan brendinin yaradılmasına nail olarıq ki, bu da, ümumilikdə ölkənin həm idxal, həm də ixrac potensialının yüksəlməsinə təkan verər.  

E.Məmmədov çıxışının sonunda Ekspertlər Şurasının yeni tərkibinə iclasda aktual problemlərə toxunduqlarına görə minnətdarlığını bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Direktor qarşıya qoyulan məqsədlərə çatmaq üçün alim və mütəxəssislərin intellekt və biliklərindən istifadənin zəruri olduğunu nəzərə çatdırıb.

Tədbirdə, həmçinin YT Parkın rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət etmiş şirkətlərin innovasiya və ya yüksək texnologiya layihələrinin qiymətləndirilməsi məsələsinə baxılıb. “Buta Armor Technologies” MMC, “4MAPS Bilgi Teknolojileri” MMC və “Aşqar” Elmi İstehsalat Birliyinin rəhbərləri çıxış edərək öz layihələri ilə bağlı ətraflı məlumat veriblər.

Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb. Şura üzvləri çıxışlara dair münasibət bildirdikdən sonra, layihələr YT Parkın rezidentliyinə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.