Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.02.2020 15:29
  • A-
  • A
  • A+

AMEA-da mülki müdafiə tədbirləri gücləndirilir

AMEA-da mülki müdafiə tədbirləri gücləndirilir

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

O, akademiyada mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, eləcə də Fövqəladə Hallar Nazirliyinin tövsiyələri əsasında təşkil olunduğunu bildirib. Qeyd edib ki, 193 nömrəli Qərarda fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkili, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatı kimi əsas göstərişlər əksini tapıb. E.Quliyev bildirib ki, seminar-məşğələlərin keçirilməsində məqsəd ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq üçün öncədən profilaktik tədbirlərin görülməsi, elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların maarifləndirilməsi, onların MM hazırlığının yoxlanılmasıdır.

MM-in təşkili və hazırki vəziyyəti barədə danışan E.Quliyev AMEA-da mülki müdafiə təlimlərinə xüsusi diqqət yetirildiyini, qurumun əməkdaşlarının mütəmadi seminarlara cəlb edildiyini, fövqəladə vəziyyət, yanğın təhlükəsi, ilkin tibbi yardım və digər məsələlərə dair maarifləndirildiyini söyləyib. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bilmək, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək, eləcə də ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etmək zəruridir.

Şöbə rəisi daha sonra 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı çıxış edib. Ümumdünya Mülki Müdafiə Gününün 1 mart 1972-ci ildən etibarən qeyd olunduğunu və hər il konkret problemə həsr edildiyini deyib. E.Quliyev əlamətdar günün AMEA-nın elmi müəssisə və təşkilatlarında yüksək səviyyədə keçirilməsi barədə qərargah rəislərinə müvafiq tapşırıqlar verib.

Sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək Rəhbər Heyətin Mülki Müdafiə məşqinin keçirilmə metodikası barədə danışıb. Qeyd edib ki, elmi müəssisə və təşkilatlarda Rəhbər Heyətin mülki müdafiə məşqləri Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ildə bir dəfə keçirilir. O.Fərzəliyev məşqlərə müəssisə direktorunun rəhbərlik etdiyini və iki hissədən - məşqlərə hazırlıq və məşqin keçirilməsindən ibarət olduğunu bildirib. Məşqlərin keçirilməsinə 1 ay qalmış MM qərargah rəisləri tərəfindən hazırlıq işlərinə başlanıldığını deyən O.Fərzəliyev vurğulayıb ki, bu barədə direktor tərəfindən əmr verilməli və iştirakçılar məlumatlandırılmalıdır.

O, məşqlərin keçirilməsinə dair sənədlərin hazırlanması qaydasını da əyani nümayiş etdirib.

Seminarda, həmçinin ehtimal olunan fövqəladə hadisələr zamanı işçilərin davranış qaydaları barədə biliklərinin artırılması məqsədilə məşğələlərin təşkili və bu istiqamətdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: