www.science.az
12.11.2013 00:00

Təcrübi-Sənaye Zavodu AMEA Rəyasət Heyətinin tabeliyinə verilib

AMEA Neft-Kimya Prosesləri İnstitutunun nəzdində olan Təcrübi-Sənaye Zavodu son illər ərzində AMEA-nın, eləcə də Azərbaycan elminin müxtəlif sahələrinin elmi-təcrübə poliqonuna çevrilmişdir. Azərbaycanda innovasiyaların, elm tutumlu məhsulların, qabaqcıl texnologiyaların hazırlanması və istehsalatda tətbiqi, elmin müxtəlif sahələrinə aid elmi tədqiqat və təcrübə-konstruktor işlərinin səmərəli nəticələrlə başa çatdırılması işinin daha da sürətləndirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin noyabrın 6-da keçirilmiş iclasında zavodun bilavasitə AMEA Rəyasət Heyətinin tabeliyinə verilməsi qərara alınıb.

 

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev zavodun son 10 ildə elmin müxtəlif sahələrinin, sahələrarası elmin sifarişlərini yerinə yetirərək, ümumakademiya miqyaslı elmi-təcrübə, elmi-sınaq xarakterli sənaye müəssisəsinə çevrildiyini vuğulayıb.

 

Qeyd edək ki, Azərbaycan və bir sıra MDB ölkələrinin 20-dək elm və təhsil müəssisələri ilə birbaşa elmi və elmi-texniki layihələr həyata keçirmiş zavodda mənfəət, daxili ehtiyatlar, kreditlər, qrantlar və sairə hesabına 20-dək laborator, pilot, təcrübə və təcrübə-sənaye qurğuları quraşdırılmış, 10 eksperimental-istehsalat sahəsi yaradılmışdır. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.