Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli alim, xeyirxah insan
31.01.2020 09:07
  • A-
  • A
  • A+

Görkəmli alim, xeyirxah insan

Tale elə gətirib ki, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olarkən Gəncədən gəlmiş və bizimlə bir qrupda oxuyan Fuad Yusif oğlu Əliyev ilə tanış olmuş və o vaxtdan bir yerdə müxtəlif elmi tədqiqat institutlarında fəaliyyət göstərir, elmi nailiyyətlərimizi birgə bölüşürük.

Dostları, tanışları və ümumən, tanıyanların hər biri yaxşı bilir ki, Fuad müəllimə arxa çevirmək və güvənmək olar. O, hər bir çətin anda kömək əlini uzatmağa hazır bir insandır. Heç kimə və heç nəyə fərq qoymadan insanlara yardımçı olmağı, onların xeyir-şərinə yaramağı özünə borc bilir və yəqin bu da onun görüb-götürdüyü tərbiyədən, əsil-nəcabətindən irəli gəlir.

Akademik Fuad Əliyev böyük və görkəmli alimlər ailəsinin on övladının sonbeşiyi olmaqla özünün ata-anasından, müəllimlərindən, böyük bacı-qardaşlarından yaşam tərzini, insanlıq dəyərlərini öyrənmişdir.

Onun üç qardaşı elmlər doktoru, üç bacısı fəlsəfə doktoru olmaqla bu nəslin qədim adət-ənənələrini özlərində yaşatmaqla, elmi axtarışlarını və yaradıcılıqlarını davam etdirir və xalqının inkişafı üçün gördüyü hər bir elmi yeniliklərə sevinirlər. 

Universiteti müvəffəqiyyətlə başa vurub, sovet ordusu sıralarında bölmə komandiri kimi xidmət etdikdən sonra Fuad Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda əmək fəaliyyətinə başlamış, 1976-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1981-ci ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir.

Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərində xalqı üçün ən vacib və dəyərli olan elmə, təhsilə xüsusi diqqət ayırmış, xarici ölkələrdə yeni ixtisaslar qazanmaq üçün gəncləri oxumağa göndərmişdir. Respublikamızda elmi tədqiqat institutlarının yaradılmasına başlanılmışdır. Bunun nəticəsidir ki, 1981-ci ildə respublikamızın qərb bölgəsində Nazirlər Kabineti tərəfindən Kirovabad Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul edilmişdir.

O dövrdə Azərbaycan Elmlər Akademiyasınını Rəyasət Heyəti Fuad Əliyevin təşkilatçılıq bacarığını, elmi fəaliyyətini nəzərə alaraq, onu Gəncə şəhərinə Elmi Mərkəzin yaradılması məqsədilə ezam etmişdir.

Alimlər çox gözəl bilirlər ki, elmi tədqiqatlar aparmaq nə qədər çətin və şərəfli olsa da, elmi təşkilatçılıq, yeni laboratoriyaların yaradılması və onların institut səviyyəsinə çatdırılması qat-qat çətindir.

Yaradılan elmi laboratoriyalarda aidiyyətli kadrların axtarılması və onların regionlarda olan problemlərin elmi həllinə yönəldilməsi çox çətin və ağır bir prosesdir.

Az bir vaxt ərzində öz müalicəvi əhəmiyyətinə görə dünyada yeganə olan "Naftalan nefti” laboratoriyası, uzun illər şəhərdə fəaliyyət göstərən Alüminium Oksidi Zavodunun ekoloji problemlərin həllini və iqtisadi səmərə əldə etmək məqsədilə, "Elementar kükürdün alınması”, "Alunitin səmərəli emalı” laboratoriyaları fəaliyyətə başlamış və regionun təbii sərvətlərinin səmərəli istifadəsinə çalışmışdır.

Respublikamızın qərb bölgəsi özünün qədim tarixi, görkəmli mütəfəkkirləri və klassikləri, milli-mənəvi dəyərləri, folkloru ilə daim seçilmiş və xalqımızın dünyada tanınmasında mühüm rol oynamışdır. Bu, görkəmli mütəfəkkirlərin həyat fəaliyyətini və yaradıcılığını tədqiq etmək, Gəncənin qədim tarixini araşdırmaq məqsədilə 1982-ci ildə Kirovabad Elm Mərkəzinin nəzdində "İctimai elmlər” şöbəsinin yaradılmasına nail olunmuşdur.

Bu dövrdə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Gəncənin qədim tarixinin tədqiqinə, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsinə başlanılmışdır.

XX əsrin sonlarında elmi tədqiqatların informasiya texnologiyaları əsasında fəaliyyət göstərməsi, şəhərdə Büllur Elektronika Zavodunun fəaliyyəti yeni kadr hazırlığını zəruri edirdi ki, bu məqsədlə də Elm Mərkəzində 1983-cü ildə "Avtomatik idarəetmə sistemləri” şöbəsi yaradıldı.

1985-ci ildə akademik Fuad Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Xalqlar Dostluğu Muzeyi”, 1995-ci ildə Qərb bölgəsinin zəngin bitki örtüyü nəzərə alınaraq "Təbii boyaqlar” və "Farmakologiya”, 2003-cü ildə "Biotexnologiya və təbii sərvətlər”, 2005-ci ildə onun rəhbərliyi ilə "Davamlı inkişaf və ekoloji monitorinq” laboratoriyaları fəaliyyətə başlamışdır.

Dünya poeziyasının sönməz ulduzu olan Nizami Gəncəvinin vətənində "Nizami Gəncəvi Mərkəzi”, Qərb bölgəsinin arxeoloji və etnoqrafik materiallarla zəngin olması nəzərə alınaraq "Arxeologiya və etnoqrafiya” şöbəsinin yaradılmasına AMEA Rəyasət Heyəti qərar vermişdir.

1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Gəncə şəhərində keçirilən növbədənkənar iclasında qərb bölgəsində kadr hazırlığı və elmi tədqiqatların koordinasiyası məqsədilə "Xəbərlər” məcmuəsi jurnalının nəşrinə qərar verilmiş və akademik Fuad Əliyev "Xəbərlər” məcmuəsinin baş redaktoru seçilmişdir.

"Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın qərb bölgəsinin də dinamik inkişafı naminə, ixtisaslı kadrların hazırlanması tələbatı qarşıda duran ən mühüm vəzifələrdən biri olmuşdur. Uzun illər ərzində Gəncə Elm Mərkəzində aparılan tədqiqatlar və elmi potensialın inkişafı, elmi kadrların formalaşması şəhərdə elmi-texniki tərəqqi ilə yanaşı, yeni-yeni tələbləri qarşıya qoymuşdur.

Ölkə prezidenti cənab İlham Əliyevin neft kapitalının əqli mülkiyyətə çevrilməsi haqqında verdiyi qərarlar bu sahənin daha da inkişaf etməsinə səbəb olmuşdur. Bu məqsədlə 2012-ci ilin dekabr ayında cənab İlham Əliyevin sərəncamı ilə Gəncə Elm Mərkəzinin əsasında Gəncə Bölməsi və onu tərkibində 7 elmi tədqiqat institutları yaradılmışdır.

Bir neçə kəlmə də akademik Fuad Əliyevin elmi fəaliyyəti və nailiyyətləri haqqında fikirlərimi bölüşmək istəyirəm. Azərbaycan Dövlət Universitetində aldığı yüksək təhsilin nəticəsidir ki, o, 1981-ci ildə elmin ən çətin sahələrindən biri olan kimya, neft kimyası sahəsində müvəffəqiyyətlə elmlər namizədi, 1991-ci ildə isə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Fuad Əliyev elmdə əldə etdiyi nailiyyətlərə və elmi-təşkilatçılıq fəaliyyətinə görə 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir və hal-hazırda Rəyasət Heyətinin üzvüdür.

Bu illər ərzində akademik Fuad Əliyevin rəhbərliyi ilə 200-dən artıq yerli və xarici nəşrlərdə elmi məqalələr, 60-dan çox kitab və monoqrafiyalar çap edilmiş, onun apardığı tədqiqatlar nəticəsində 17 elmi ixtira əldə edilmişdir.

Akademik Fuad Əliyevin rəhbərliyi ilə 7 nəfər kimya üzrə fəlsəfə doktoru, 3 nəfər elmlər doktoru hazırlanmışdır.

Akademik Fuad Əliyev elmi və elmi-təşkilati fəaliyyəti ilə yanaşı, şəhərin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir.

O, 1981-1991-ci illərdə Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı və uzun illər "Ekologiya və təbii sərvətlər” daimi Komissiyasının sədri, Gəncə (Kirovabad) şəhər Partiya Komitəsinin Təftiş komissiyası sədrinin müavini, Nizami rayon Partiya Komitəsinin büro üzvü olmuşdur. Fuad Əliyev 1991-1995-ci illərdə Gəncə şəhər Soveti Rəyasət Heyətinin üzvü və komissiyanın sədri, 1996-cı ildən bu günə kimi şəhər icra hakimiyyəti başçısı yanında daimi komissiyanın üzvü kimi ictimai vəzifələrdə uğurla fəaliyyət göstərir.

Fuad Əliyev 1996-cı ildən Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini və Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

Akademik Fuad Əliyev 2000-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin "fəxri fərmanı”, 2000 və 2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Vətənpərvər alim, görkəmli elm təşkilatçısı Fuad Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi” medalı, 2006-cı ildə Prezidentin digər fərmanı ilə Əməkdar elm xadimi, 2017-ci ildə "3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Fuad müəllimə elmi və elmi-təşkilati işlərində uğurlar diləyir, möhkəm cansağlığı arzulayırıq.

Bəxtiyar Məmmədov, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 31 yanvar 2020-ci il

  • Paylaş: