www.science.az
30.01.2020 14:19

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısı keçirilib

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstan Təhsil nazirlərinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.

Tədbirdə Təhsil naziri Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qısa müddətdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini genişləndirdiyini bildirib. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün türk xalqları ilə qarşılıqlı əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını vurğulayıb. Nazir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın inkişaf edəcəyinə əminliyini ifadə edib.

Daha sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali rəhbərlik etdiyi təşkilatın ötənilki fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, ötən il ərzində Beynəlxalq Türk Akademiyası 30-dan çox beynəlxalq forum, simpozium və seminar təşkil edib. Eyni zamanda, akademiya tərəfindən müxtəlif dillərdə 24 kitab nəşr olunub.

İclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, türkdilli ölkələrin akademiyaları arasında nəşr mübadiləsinin davamlılığını təmin etmək məqsədilə bu ölkələrin Kitabxanalar Assosiasiyasının yaradılmasına ehtiyac var. O, həmçinin türkdilli ölkələrin universitetləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

İ.Həbibbəyli AMEA ilə Beynəlxalq Türk Akademiyası və türkdilli ölkələrin akademiyaları arasında əməkdaşlıq əlaqələrindən də danışaraq, bu əlaqələrin möhkəmlənməsinin elm və təhsilin inkişafına mühüm töhfələr verəcəyini bildirib.

Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri, keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycana və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.