Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Təsviri sənətdə Heydər Əliyev obrazı” adlı monoqrafiya işıq üzü görüb
29.01.2020 17:13
  • A-
  • A
  • A+

“Təsviri sənətdə Heydər Əliyev obrazı” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlişinin 50 illiyinə ithaf olunan “Təsviri sənətdə Heydər Əliyev obrazı” adlı monoqrafiya işıq üzü görüb. Nəşrin müəllifləri institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur.

Monoqrafiyanın elmi redaktoru tanınmış heykəltəraş, akademik Ömər Eldarov, "Ön söz"ün müəllifi isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir. 

Nəfis poliqrafik tərtibatda, Azərbaycan və rus dillərində çap edilmiş kitab təsviri sənətdə Heydər Əliyev obrazını əsas tədqiqat obyekti kimi müəyyənləşdirən ilk irihəcmli elmi əsərdir. Bugünədək ulu öndərin portretlərinə həsr edilmiş çoxsaylı yazılara, məqalələrə rast gəlinsə də, problemin əhatəli elmi qoyuluşu baxımından bu monoqrafiya ilk fundamental araşdırma olub, təsviri sənətdə Heydər Əliyev obrazını sistemli şəkildə, ciddi elmi müstəvidə işıqlandırıb.

Giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan nəşrdə ulu öndərin Azərbaycan və xarici ölkə rəssamları tərəfindən yaradılmış xeyli sayda obrazı əks olunub, əsərlərin sənətşünaslıq təhlili verilib, onların müasir Azərbaycan incəsənətinin inkişafındakı rolu və əhəmiyyəti öyrənilib.

Monoqrafiyanın elmi metodologiyası sənətşünaslıq təhlilləri, ümumiləşdirmələr və təsnifatlar üzərində qurulub. Azərbaycan sənətşünaslığında ilk dəfə olaraq təsviri sənətdə Heydər Əliyev obrazı konseptual kontekstdə ümumiləşdirilib, onun ideya-bədii, estetik, ictimai-siyasi, mənəvi-əxlaqi və tərbiyəvi xüsusiyyətlərinə qiymət verilib, bu obrazın müstəqilik dövrü Azərbaycan incəsənətindəki mövqeyi və daşıdığı əhəmiyyət əsaslandırılıb. Kitabda, həmçinin sənətşünaslıq təsnifatı baxımından bir sıra maraqlı yeniliklər əldə edilib, Heydər Əliyevin portretlərinin xarakterik xüsusiyyətləri öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: