www.science.az
27.01.2020 17:39

Muzeydə görkəmli tarixçi alim Sara Aşurbəylinin xatirəsi anılıb

Yanvarın 27-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tarix elmləri doktoru Sara Aşurbəylinin xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı tarixçi alimin zəngin elmi yaradıcılığından danışıb. Bildirib ki, Sara xanım ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarımızdan biridir. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi, Bakı tarixinin ilk tədqiqatçısı olub. Alim həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib.

Muzey direktoru qeyd edib ki, Sara Aşurbəyli həm də bacarıqlı rəssam və musiqiçi olub. Bu istedadına görə o, 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. 

Nailə Vəlixanlı görkəmli alimin Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində çalışdığını xatırladaraq, onun Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi kimi də fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, S.Aşurbəyli 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçisi vəzifəsində çalışıb.

Diqqətə çatdırılıb ki, Sara Aşurbəyli 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. O, orta əsrlər Abşeronunun fundamental araşdırmacısı olaraq dünyada tanınır. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika şöbəsinin müdiri, t.ü.e.d. Əli RəcəbliTarix İnstitutunun direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və digərləri çıxış edərək tarixçi alimin elmə verdiyi töhfələrdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda tədbir iştirakçıları Sara Aşurbəyliyə məxsus əşyalardan ibarət sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.