www.science.az
27.01.2020 09:43

Vikipediyada Naxçıvanla bağlı mühüm məlumatlar yerləşdirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev rəhbərlik etdiyi müəssisədə gil istehsalı ilə bağlı görülən işlər barədə məlumat verib. Alim mineral tərkibinə görə rəngləri dəyişən gillərin hər bir növünün özünəməxsus xüsusiyyətləri olduğunu deyib. Bildirib ki, bir çox sənaye sahələrində geniş istifadə edilən bu maddənin Naxçıvan, Şahbuz, Babək və digər yataqlarda xeyli ehtiyatları mövcuddur.

T.Əliyev bir çox yataqlardan nümunələrin götürüldüyünü, onların tərkiblərinin öyrənildiyini və gələcəkdə bu istiqamətdə işlərin aparılacağını diqqətə çatdırıb. O, gil yataqlarının istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərəcəyini bildirib.

İclasda, həmçinin bölmənin viki-qruplarının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Bu barədə çıxış edən İnformasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova bildirib ki, 2019-cu ildə Naxçıvanın arxeoloji və memarlıq abidələri, qədim yaşayış yerləri, nekropol və qalaları, o cümlədən məscid və pirləri ilə bağlı Vikipediyada 228 material, 8 adda monoqrafiya yerləşdirilib. Qeyd edib ki, materialların 22-si, monoqrafiyalardan isə biri ermənilərin ölkəmizə qarşı ərazi iddiaları və həyata keçirdikləri soyqırımlarla bağlıdır. Bundan əlavə, o, Naxçıvanın görkəmli tarixi şəxsiyyətləri və etnoqrafiyası ilə bağlı 9 elmi məqalədə redaktə işlərinin aparıldığı, 46 mədəniyyət abidəsinin şəkillərinin yerləşdirildiyi diqqətə çatdırılıb. S.Cümşüdovanın sözlərinə görə, yerləşdirilən məlumatlar mindən artıq oxucu tərəfindən oxunulub və onlara elmi bazalarda 300-dən artıq istinad olunub.

Mövzu ilə bağlı çıxış edən akademik İ.Hacıyev viki-mühitdə ölkəmizlə, Naxçıvan Muxtar Respublikası ilə bağlı materialların xarici dillərdə yerləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilib, “Gəmiqaya” adlı qəzetin nəşr edilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.