Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.01.2020 14:12
  • A-
  • A
  • A+

AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib

AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib

Yanvarın 23-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair məlumatlandırma seminarı keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr şöbələrinin məsul şəxsləri, akademiyanın gənc alimləri, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva bildirib ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə birgə mütəmadi layihələr həyata keçirir. O, AMEA ilə TÜBİTAK tərəfindən artıq üçüncü müsabiqənin elan olunduğunu və bu dəfə akademiya ilə yanaşı, respublikanın digər elmi-tədqiqat mərkəzləri və təhsil müəssisələrindən də layihələrin qəbul ediləcəyini vurğulayıb.

Müsabiqənin 6 mart 2020-ci il tarixinədək davam edəcəyini deyən E.Əlirzayeva layihə təkliflərinin Türkiyə və Azərbaycandan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmasının zəruriliyinə toxunub, layihənin prioritet sahəni və hər iki ölkə üçün aktual olan mövzunu əhatə etməli olduğunu bildirib. Qeyd edib ki, mövzunun adının seçilməsinə, eləcə də ərizə forması doldurulan zaman texniki şərtlərə (sənədlər, imzalar və s.) xüsusi diqqət yetirilməlidir. O, qəbul olunan layihələrin texniki baxışdan keçdikdən sonra 4 kateqoriya üzrə qiymətləndirilmə üçün beynəlxalq ekspertlərə göndəriləcəyini və ən yüksək orta bal toplayan 3 layihəyə dəstək veriləcəyini deyib.

İdarə rəisi daha sonra ərizə formasının doldurulma qaydasını əyani nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb.

Sonda Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı (“Horizon 2020”) üzrə Milli əlaqələndirici şəxsləri Tofiq Babayev və Rövşən Kərimov azərbaycanlı alim və mütəxəssislərin proqramda iştirakının artırılması məqsədilə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: