www.science.az
01.10.2013 00:00

Şəkidə Ortaq türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş beynəlxalq konfrans keçirilir

Oktyabrın 1-də AMEA Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlamışdır. 

Konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) gəlmiş tarixçi alimlər də iştirak edirlər. 

Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ortaq türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş belə bir mühüm konfransın Şəkidə keçirilməsini yüksək qiymətləndirmiş, AMEA Tarix İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirmişdir. 

Konfransda “Müasir mərhələdə Azərbaycan tarix elmi və ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda məruzə ilə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirmişdir ki, türk dünyası ilə bağlı çox önəmli bir tədbirin Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Şəki türk dünyasının ən qədim şəhərlərindən biridir. Şəkinin tarixi dünya türklərinin tarixidir: “Hamı bilməlidir ki, qədim türklərin Şəki kimi 2700 illik tarixi olan qədim bir şəhəri vardır”. 

Yaqub Mahmudov qeyd etmişdir ki, hazırki dövrdə türkün ümumi, vahid tarixini yazmaq son dərəcədə önəmli bir məsələdir. Bunu tarix, zaman qarşımıza qoyur. 20 ildən çoxdur ki, bu istiqamətdə söhbətlər gedir, konfranslar keçirilir. Ancaq çox təəssüf ki, ortalıqda dəyərli, əməli bir iş yoxdur. Tarixçi alim Şəki konfransında bu sahədə mühüm addımların atılacağına əminliyini bildirmişdir. 

Konfransda Türkiyənin “Atatürk Araşdırma Mərkəzi”nin sədr müavini, professor Nihat Büyükbaş “Ortaq tarix kitabının yazılması və önəmi”, Türkiyənin tanınmış tarixçi alimləri Selma Yel “Türk dünyasının ortaq dəyərlərinin öyrənilməsi”, Mustafa Budaq “Ortaq türk tarixinin araşdırılmasında Başbakanlıq Osmanlı Arxivindəki sənədlərin rolu”, professor Cezmi Eraslan “Ortaq tarixə birlikdə baxışın zəmini nə olmalıdır və necə hazırlanmalıdır?” və s. mövzularda məruzələrlə çıxış etmişlər. Qeyd olunmuşdur ki, ortaq türk tarixinin araşdırılması, ortaq tarix kitabının yazılması ciddi əsaslara, dəqiq tarixi mənbələrə söykənməlidir.

 Konfrans çərçivəsində Ortaq türk tarixinin yazılmasına başlanılması, ilk olaraq türk tarixi şəxsiyyətləri və tarixdə türk dövlətlərinə həsr olunmuş kitabların yazılması yekdilliklə qərara alınmışdır. 

Sonda Elxan Usubov və millət vəkili Cavanşir Veyziyevin müəllifləri olduğu “Şəki” kitabının təqdimat mərasimi keçirilmiş, Tarix İnstitutunda nəşr olunan kitablardan ibarət sərgi nümayiş etdirilmişdir. 

Qeyd edək ki, beynəlxalq konfransın ikinci günü iştirakçılar Şəkidə yerləşən qədim tarixi-memarlıq abidələri ilə yaxından tanış olacaqlar.

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.