Fransanın paytaxtı Parisdə “Qeyri-səlis sistemlər və Soft Computing tətbiqi” adlı XI beynəlxalq konfrans keçirilib. Tədbirdə AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Quyuların qazılmasının texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev iştirak edib. Alim konfransda “Qeyri-müəyyənlik şəraitində quyuların işinin effektivliyinin artırılması məqsədi ilə statistik təhlil və qərar qəbul edilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Almaniyanın Zigen, ABŞ-ın Texas universitetləri, həmçinin Fransa və Türkiyənin müvafiq elm qurumları tərəfindən təşkil olunmuş konfransa Kanada, Polşa, İran, Kipr, Rusiya, Qazaxıstan və Özbəkistandan olan alim və mütəxəssislər də qatılıblar.
Beynəlxalq konfransda qeyri-səlis sistemlər və onların tətbiqi istiqamətlərində 35-ə yaxın məruzə dinlənilib, həmçinin stendlər nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.