Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.01.2020 14:11
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə 20 Yanvar faciəsinə həsr olunan seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbədə 20 Yanvar faciəsinə həsr olunan seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində cari ilin ilk seminar-məşğələsi keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbirdə əvvəlcə 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq ölkə başçısının 13 dekabr 2019-cu il tarixli "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" Sərəncam imzaladığını bildirib. Qeyd edib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normaları və ölkə qanunları tapdalanmaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyət tətbiq olunub. E.Quliyev Sovet Ordusunun və xüsusi təyinatlı dəstələrin şəhərə yeridildiyini, dinc əhaliyə qarşı divan tutulduğunu söyləyib. Diqqətə çatdırıb ki, faciə zamanı qadınlar və uşaqlar da daxil olmaqla, 146 nəfər xüsusi qəddarlıqla öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, itkin düşüb, təcili yardım maşınları atəşə tutulub. O, əvvəlcədən planlaşdırılmış 20 Yanvar faciəsinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin buna nail ola bilmədiklərini vurğulayıb.

Qətliamdan bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin tənqid etdiyini deyən şöbə rəisi bildirib ki, 1994-cü ildə məhz ümummilli liderin təşəbbüsü ilə dövlət səviyyəsində hadisələrə siyasi-hüquqi qiymət verilib, AR Milli Məclisi xüsusi Qərar qəbul edib.

Sonra seminarda 20 Yanvar faciəsi ilə bağlı çıxışlar dinlənilib, qətliama həsr olunan film nümayiş etdirilib.

Tədbirdə, həmçinin 2019-cu ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında Mülki müdafiə və səfərbərlik hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatın hazırlanması) yekunları və 2020-ci il üçün təşkilati göstərişlər barədə akademiya prezidentinin müvafiq sərəncamlarının icrası barədə müzakirələr aparılıb. Bundan əlavə, 2020-ci il üçün elmi müəssisə və təşkilatların MM qərargah rəisləri tərəfindən tərtib edilmiş tədbirlər planı, eləcə də tədris ilinin başlanması ilə əlaqədar tapşırıqlar verilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: