Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
08.01.2020 12:06
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Fazilə Səmədova 91 yaşında vəfat edib.

Fazilə İbrahim qızı Səmədova 1929‑cu il martın 29‑da Şamaxı şəhərində anadan olmuşdur. 1946‑cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi qızıl medalla bitirmiş, elə həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsinə qəbul olmuşdur. O, Yeni Bakı neftayırma zavodunda növbətçi mühəndis vəzifəsində çalışmış, sonra Azərbaycan Sənaye İnstitutunun Neftin kimyası və texnologiyası kafedrasında aspiranturaya qəbul edilmiş, 1954‑cü ildə M.Qubkin adına Moskva Neft İnstitutunun Yağların və sürtkülərin texnologiyası kafedrasına aspirant kimi köçürülmüşdür.

1956‑cı ildə “Yağların kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır. Daha sonra Azərbaycan Sənaye İnstitutunun Neft kimyası və texnologiyası kafedrasında asistent, dosent və həmin kafedranın professoru vəzifələrində çalışmışdır. Alim 1960-1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Yağların kimyası və texnologiyası laboratoriyasında böyük elmi işçi işləmişdir. 1986‑cı ildən ömrünün sonuna qədər isə NKPİ-nin Neftlərin tədqiqi və yağların texnologiyası laboratoriyasına rəhbərlik etmişdir.Onun bütün elmi fəaliyyəti neft və neftayırma sənayesi ilə bağlı olmuşdur. Alim Azərbaycan neftlərinin tərkib və xassələrinin öyrənilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınması üçün yüksək iqtisadi səmərəli texnoloji proseslərin işlənib hazırlanması ilə məşğul idi. Alimin, eləcə də onun yaratdığı məktəbin tədqiqat işlərinin nəticəsi respublikada neft ehtiyatının hesablanmasında, neftlərin çeşidlənməsi, nəqli və emalında istifadə edilmişdir.

İşlədiyi müddət ərzində F.Səmədova Bakı neft emalı zavodlarında bir sıra böyük elmi və təcrübi əhəmiyyətli tədqiqatlar aparmış, baza yağlarının xammal mənbəyinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması və istehsal texnologiyasının təkmilləşdirilməsinə həsr edilmiş problemə aid tədqiqat işlərinə rəhbərlik etmiş və onların tətbiqinə nail olmuşdur.

Kimyaçı alim 1960‑1973‑cü illərdə “Bakı parafinli neftlərindən yüksək iqtisadi səmərəli texnologiyalarla distillat və qalıq yağlarının alınmasının tədqiqi və Azərbaycanda istehsalı perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə F.Səmədovaya “Neftin və qazın texnologiyası” ixtisası üzrə professor elmi adı verilmişdir. O, 1995-ci ildə ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

F.Səmədova 1991-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə “Azərbaycan Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri 530 elmi əsərdə, o cümlədən 24 monoqrafiya, 1 publisistik kitab, 64 müəllif şəhadətnaməsi və patentdə əksini tapmışdır. Onun rəhbərliyi altında 20 fəlsəfə və 4 elmlər doktoru hazırlanmışdır.

F.Səmədova neftin tərkib və xassələrinin öyrənilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınması istiqamətində apardığı tədqiqatları ilə Azərbaycanda və Müstəqil Dövlətlər Birliyi ilə yanaşı, digər ölkələrdə də tanınan alim idi.

Görkəmli alimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: