www.science.az
08.01.2020 09:27

Venerada ilk dəfə aktiv vulkanizm əlamətləri aşkar edilib

Ötən əsrin 90-cı illərində NASA-nın “Magellan” kosmik aparatı Venera planetinin radar şəkillərini çəkərək planetdə bir çox lava axını və fəaliyyətdə olan vulkanın mövcudluğunu müəyyən etmişdi. 2000-ci illərdə isə alimlər vulkan püskürmələrinin bir müddət öncə baş verdiyi qənaətinə gəlmişdilər.

poisknews.ru saytının məlumatına görə, alimlər kəskin isti atmosferin üstünlük təşkil etdiyi Veneradakı şəraiti laboratoriyada yaradıblar. Onlar laboratoriyadakı olivin ilə Veneradakı olivinin vulkanik mineralının spektral xüsusiyyətlərini müqayisə ediblər. Nəticədə aydın olub ki, planetdəki lava axınlarının cəmi bir neçə il yaşı var. Bu isə o deməkdir ki, orada püskürmələr bu gün də baş verə bilər. Venera Günəş sistemində Yer kürəsindən sonra vulkan püskürmələri baş verən yeganə planetdir.

“Venerada aktiv vulkanizm əlamətlərinin mövcud olması planetlərin necə soyuduğunu və hansı səbəbdən məhz Yer kürəsində və Venerada bu əlamətlərin qaldığını müəyyən etməyə imkan verəcək. Gələcək missiyalar püskürmələrin konkret sübutlarını təqdim etməklə lava axınlarının və səthdə baş verən dəyişikliklərin izlənilməsi istiqamətində olmalıdır”, –  deyə ABŞ-ın Ay və Planet İnstitutunun elmi işçisi, tədqiqatın aparıcı müəllifi, doktor Kastin Filiberto bildirib.