Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gəncə Bölməsində AMEA-nın Ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib
06.01.2020 11:21
  • A-
  • A
  • A+

Gəncə Bölməsində AMEA-nın Ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib

Məlum olduğu kimi, AMEA-nın ötən ilin 28 dekabr tarixində keçirilən Ümumi yığıncağında akademiyada islahatların və struktur dəyişikliklərinin aparılması və 2020-2025-ci illərdə icra olunacaq elmi tədqiqat işlərinin proqramı ilə bağlı müzakirələr aparılıb.

Akademiyanın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclasında Ümumi yığıncağın qərarları ilə bağlı məsələlərə baxılıb, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məruzəsindən irəli gələn vəzifələr barədə məlumat verilib.

Bölmənin Rəyasət Heyətinin iclasında akademiyada əldə edilmiş uğurlarla yanaşı, onun strukturunda müəyyən dəyişikliklərin aparılması, elmi prioritetlərin seçilməsi, təbii resurslardan səmərəli istifadə, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin tədqiqi, Azərbaycanın Qərb bölgəsinin tarixinin arxeoloji və etnoqrafik materiallar əsasında araşdırılması və qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması istiqamətində elmi tədqiqatların aparılması vacib vəzifə kimi müəyyənləşdirilib.

Tədbirdə çıxış edən Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması və elmi kadrların hazırlanması sisteminin keyfiyyətcə yaxşılaşdırılması, eləcə də elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı irəli sürülmüş məsələlərdən danışıb. O, Gəncə Bölməsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, şöbə və laboratoriyaların qarşısında duran vəzifələri diqqətə çatdırıb.

Alim elmi tədqiqatların təşkilinin klaster forması əsasında pilot layihələrdə alunitin və alüminium sənayesi tullantılarının alınması və istifadəsi üçün innovasiyalı texnologiyaların hazırlanması və həyata keçirilməsi ilə bağlı Gəncə Bölməsinin alimlərinin qarşısında konkret vəzifələrin qoyulmasını onlara göstərilən yüksək etimadın nəticəsi kimi dəyərləndirib və bu məsul tapşırığın uğurla həyata keçirilməsi üçün göstərişlər verib.

İclasda, həmçinin innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanması və həyata keçirilməsində elmi dəstəyin təmin edilməsi, həmçinin beynəlxalq əlaqələrin inkişafına dair müvafiq qərarlar qəbul edilib.

Tədbirdə çıxış edənlər AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyevin verdiyi tapşırıq və tövsiyələrin müasir dövrdə elmin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib, mövcud problemlərin aradan qaldırılması üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: