www.science.az
30.12.2019 10:36

Amerikalı astronavt qadın orbitdə fasiləsiz qalma rekordunu yeniləyib

ABŞ-ın astronavtı Kristina Koh qadınlar arasında Beynəlxalq Kosmik Stansiyada (BKS) fasiləsiz qalma müddəti üzrə rekord müəyyən edib.

www.space.com saytının məlumatına görə, dekabrın 28-də onun BKS-də fasiləsiz qaldığı 289-cu gün tamam olub. Kristina Koh cari il martın 14-dən Beynəlxalq Kosmik Stansiyadadır.

İndiyədək həmin göstərici üzrə rekordu 2017-ci ilidə amerikalı Peqqi Uitson əldə etmişdi. O, orbitdə fasiləsiz olaraq 288 gün qalmışdı.

Bir qədər əvvəl ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Kristina Kohun BKS-də missiyasının 2020-ci ilin fevral ayına qədər uzadıldığı barədə məlumat yaymışdı. Beləliklə, onun orbitdə fasiləsiz qalma müddəti 328 gün təşkil edəcək.