Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan səhiyyəsinin banisi
28.12.2019 11:42
  • A-
  • A
  • A+

Azərbaycan səhiyyəsinin banisi

Görkəmli dövlət və elm xadimi, Azərbaycan səhiyyəsinin böyük təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin tarixi xidmətlərini xalqımız daim yüksək qiymətləndirir. Yola saldığımız 2019-cu ilin noyabr ayının 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi həm də Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sistemi işçilərinin böyük bayramına çevrildi. Belə ki, o dövrdə Bakı Dövlət Universitetinin təməlini qoyan alimlərin (V.Razumovski, İ.Şirokoqorov, S.Davidenko və b.) böyük əksəriyyəti BDU-da fəaliyyət göstərən və onun ilk iki fakültəsindən biri olan tibb fakültəsinin təşkilində, həmçinin Azərbaycan səhiyyəsinin sürətli inkişafında yaxından iştirak etmişdilər.

Azərbaycanın görkəmli tibb alimlərindən Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Kamil Balakişiyev, Fuad Əfəndiyev, Ümnisə Musabəyli və digərləri ilə birlikdə böyük dövlət və elm xadimi, Azərbaycan səhiyyəsinin banisi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin də bu fakültənin və onun kafedralarının təşəkkül tapmasında müstəsna xidmətləri olmuşdur. 

Görkəmli alimin şərəfli ömrünün bütöv bir hissəsi BDU-nun bazasında yaradılan Azərbaycan Dövlət Tibb İnstitutu (indi Azərbaycan Tibb Universiteti) və respublikanın Səhiyyə Nazirliyi ilə sıx əlaqədə keçmişdir.

Ömür yolu: ağrılı-acılı, təlatümlü, çətinliklərlə dolu illər

1917-ci ildə İrəvan gimnaziyasını əla qiymətlərlə başa vuran Əziz Əliyev həkim olmaq arzusu ilə xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevdən maliyyə dəstəyi aldıqdan sonra Rusiyanın Sankt-Peterburq şəhərinə getmiş və orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. Bu, onun özünə, biliyinin gücünə inamından, fitri istedadından xəbər verirdi. Orada əla təhsillə yanaşı, dərsdənkənar vaxtlarda səpkili yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə düzələrək həm praktik tibbi vərdişlərə yiyələnmiş, həm də bunun müqabilində aldığı məvaciblə özünün və ailəsinin minimal xərclərini ödəyə bilmişdir.

Əziz Əliyev Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasının birinci kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdır. Böyük həvəslə vətəninə - əzizlərinin yanına gələn gənc Əziz Əliyev İrəvandan evlərinin erməni millətçiləri tərəfindən işğal edildiyinin, daşnakların doğma yurdun və onun əsl sakinləri olan Azərbaycan türklərinin başlarına gətirdikləri işgəncələrin canlı şahidlərindən biri kimi ağır sarsıntılar keçirir. Əslində, müxtəlif dövrlərdə Azərbaycana köç etmiş vətənsiz - gəlmə ermənilər 1918-ci ildə həm də Qarabağda, Bakıda, Şamaxıda, Lənkəranda, Qubada və s. yurd yerlərimizdə Şaumyanın, Əmiryanın, Mikoyanın, qaniçən Andronikin, eyni zamanda bolşeviklərin rəhbərliyi ilə yerli azərbaycanlılara qarşı amansız soyqırımı aktları törədiblər.

Həmin illərin didərgin qurbanlarından biri də tariximizin parlaq simalarından birinə çevriləcək Əziz Əliyev və onun ailəsi olub. Bir müddət Naxçıvanın Şərur rayonunda və Şahtaxtı kəndində məskunlaşan didərgin ailələri burada da sakit buraxmayıblar. Erməni-bolşevik tandemi Naxçıvana silahlı basqınlar edərək qırğınlar, dağıntılar törədiblər. Soyqırımı dalğası bütöv Azərbaycanı bürüməkdə olanda əhalinin bir hissəsi Arazı adlayaraq Cənubi Azərbaycanın Ərəblər kəndinə keçib. Əziz Əliyevin də ailəsi onların arasında olub və anası bu işgəncələrə dözməyərək qürbətdə dünyasını dəyişib. Beləliklə, həmin illərdə azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımı qırğınları Əziz Əliyevi Sankt-Peterburqda yarımçıq qalmış tibb təhsilini başa çatdırmaqdan da məhrum edib.

Qaynar gənclik illərində bu qədər ağır məhrumiyyətlərlə üzləşən Əziz Əliyev ara sakitləşəndən sonra təsadüfən salamat qalan həmvətənləri ilə birlikdə yenidən Naxçıvana qayıdıb, orada həkim köməkçisi qismində əhaliyə tibbi yardımlar göstərib. O, 1923-cü ildə yarımçıq qalmış ali tibb təhsilini davam etdirə bilmək ümidi ilə ailəsi ilə birlikdə Bakıya köçüb. O zaman Leyli xanımla təzəcə ailə qurmuşdu. Oğlu Tamerlan Əliyev 2 yaşında, qızı Zərifə xanım isə dünyaya təzəcə göz açmışdı. Bu andan etibarən Əziz Əliyevin həyat və yaradıcılığının mühüm bir mərhələsinin təməli qoyulub.

O, Bakıya gələn kimi Xalq Komissarları Şurasında işə düzəlir və ona həvalə edilən bütün tapşırıqları böyük müvəffəqiyyətlə yerinə yetirir. Orada iş icraçısı, ümumi şöbənin müdir müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq, özünü dövlət işlərinin mükəmməl təşkilatçı və qurucusu kimi göstərə bilir. Əziz Əliyev 1923-cü ildə yenidən qəbul imtahanı verərək Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Bu, onun qətiyyətli, möhkəm iradəli, təmkinli və son dərəcədə fitri istedada malik bir gənc olduğunu təsdiqləyən faktlardandır. Bakı Dövlət Universitetinin rəhbərliyi onun 1927-ci ildə tibb fakültəsini bitirdikdən sonra daxili xəstəliklər kafedrasında saxlanması haqqında qərar qəbul edir. Əziz Əliyev bu dövrdə özünü artıq püxtələşmiş, bacarıqlı bir təşkilatçı kimi də göstərə bilir və həkimlik fəaliyyəti ilə yanaşı, ona həm də ən məsuliyyətli ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılırdı. O, bütün tapşırıqları son dərəcə dəqiqliklə yerinə yetirir, artıq ictimai xadim kimi formalaşırdı. Fədakar alim 1928-1929-cu illərdə Azərbaycan Xalq Səhiyyə Komissarlığında işə dəvət olunur və orada müalicə şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayır.

O, həm həkim, həm alim, həm də dövlət xadimi idi

Əziz Əliyev 1929-cu ildə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin olunur. 1932-ci ilə qədər bu instituta rəhbərlik edərək respublikanın tanınmış idarə rəhbərlərindən biri kimi geniş şöhrət qazanır. BDU-nun tibb fakültəsi öz fəaliyyətini dayandırdıqdan sonra 1930-cu ilin mayında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Mahir təhsil və səhiyyə təşkilatçısı kimi tanınan Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilir. 1932-ci ilin iyun ayında isə o, Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru (rektoru) vəzifəsinə təyin edilir və 6 ilə yaxın bir müddətdə bu vəzifəni şərəflə yerinə yetirir.

Professor Əziz Əliyev bu məsuliyyətli işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçərək, kifayət qədər təcrübəyə malik olur. Ona görə də o, ilk günlərdən təşkilatçılıq bacarığının imkanlarından istifadə edib, biri-birinin ardınca hazırladığı layihələri reallaşdırmağa başlayır. Onu narahat edən məsələlərdən biri də milli kadrların yetişdirilməsi idi. Ona görə də yüksək ixtisaslı həkimlərin, elmi işçilərin hazırlanması üçün ilk növbədə ana dilində dəyərli ədəbiyyatın yaradılması əsas vəzifə kimi qarşıya qoyulurdu. O, aydın dərk edirdi ki, ədəbiyyatsız, dərsliklərsiz tibbi fənləri tədris etmək mümkünsüzdür. Ona görə də Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə bir araya toplayıb ana dilində dərsliklər yazmağa sövq edirdi. Az vaxt içərisində bilavasitə onun rəhbərliyi altında Azərbaycan dilində 55 adda dərslik çap edilərək tələbələrin ixtiyarına verildi. Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən özünün yazdığı "Klinik analizlər” kitabı, K.Balakişiyevin "İnsanın normal anatomiyası”, M.Qəniyevin "Mikrobiologiya kursu”, C.Hüseynovun "Patoloji anatomiya”, Y.Qazıyevin "Ağciyər vərəmi”, Ü.Musabəylinin "Göz xəstəlikləri”, Ə.Talışinskinin "Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya” və digər dərslik və dərs vəsaitləri, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının qələmə aldıqları dərsliklər və digər kitablar Azərbaycanın tibb tarixində ən gözəl nəşrlərdir. Bu kitablar indi də dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu danılmazdır.

Əziz Əliyev qısa müddətdə rus dilində olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinə nail olur. Onun təşəbbüsü ilə "Boğaz, burun, qulaq xəstəlikləri”, "Uşaq xəstəlikləri”, "Farmakologiya kursu”, "Histologiya” adlı kitablar və digər dərsliklər rus dilindən Azərbaycan dilinə tərcümə edilir. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat çox zəif idi. Bakı Dövlət Universitetinin tibb fakültəsində milli tibbi kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət göstərilmirdi. Odur ki, professor Əziz Əliyev ali məktəblərə rəhbərlik etdiyi ilk illərdə hər şeyi yenidən başlamalı olur. Bu da həm çox vaxt tələb edir, həm də alimin işlərini qat-qat artırırdı.

Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa başlayır. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında xüsusi Kitabxana komissiyası yaradılır və komissiya çox səmərəli fəaliyyət göstərir. Əziz Əliyevin yaratdığı Kitabxana komissiyası 1936-cı ildə (tibbi kitabxananın təməlinin qoyulmasının üçüncü ilində) oxuculara belə bir təlimat göndərir: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Kitabxana bunlardan əlavə SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”. Bundan sonra tibbi kitabxananın özülünün möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranır.

Hazırda Azərbaycan Tibb Universitetinin kitabxanası 1 milyona yaxın kitab fonduna malikdir və onun əsasında elektron kitabxananın tam təşəkkül tapması üçün fundamental işlər görülür. Bu zəngin kitab fondunun bünövrəsini qoyan, şübhəsiz ölkəmizdə ilk tibbi kitabxananın yaradıcısı, banisi isə Əziz Əliyev olub.

Professor Əziz Əliyev, ümumiyyətlə, bütün şüurlu fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünüb. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayıb və institut kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı”nı yaradıb. Professorun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı”nın nəşrinə başlanılıb. 1929-cu ildən etibarən o, "Azərbaycan Tibb Jurnalı”nın məsul katibi vəzifəsində çalışıb, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilib. Bu dövrdə jurnal ATİ-də yenicə təşkil edilmiş "Tibb nəşriyyatı”nda çap olunub. 1933-cü ildə, yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapına başlanılıb. Hazırda bu qəzet "Təbib” adlanır və onun çapı Azərbaycan Tibb Universitetində davam etdirilir.

1933-cü il avqustun 4-dən etibarən Almaniyada qısamüddətli elmi ezamiyyətdə olan Əziz Əliyev oradan qayıtdıqdan sonra doktorluq dissertasiyası müdafiə edib və Azərbaycanda ilk dəfə olaraq onun dissertasiya işi SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli və əhəmiyyətli elmi əsər olub.

Əziz Əliyevin qələmə aldığı "Klinik analizlər” kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri "Azərbaycan Tibb Jurnalı”nda çap edilib. Bunların ilk illərdə çap olunanlarına "Həzm zamanı qanın xloridləri” (1928), "Malyariyanın Karno metodu ilə müalicəsi” (1932), "Klinik analizlər üzrə rəhbərlik” (1933) və s. aiddir. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə də məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib. Görkəmli alim məharətlə elmi işlərini pedaqoji işlərlə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Belə ki, o, 1 noyabr 1927-ci ildən BDU-nun tibb fakültəsinin diaqnostika kafedrasında ordinator və aspirant, 17 oktyabr 1930-cu ildən isə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun birinci terapiya və diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.

Vətənpərvər ziyalı

Professor Əziz Əliyev ATİ-yə rəhbərlik etdiyi dövrdə 11 doktorluq və xeyli namizədlik dissertasiyası müdafiə edilib. Onun təşəbbüsü ilə kafedraların nəzdində təşkil edilən aspiranturada 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub. Həmin dövrün çətinlikləri ilə qarşılıqlı müqayisədə bu, çox böyük rəqəm hesab edilməlidir. O, tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib və onların peşəkar kimi yetişmələrində müstəsna rol oynayıb. Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə yaxından maraqlanır, gənclərlə bağlı problemlər onu ciddi düşündürürdü. 1933-cü ildə Əziz Əliyevin təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında "Tibb şəhərciyi”nin inşasına başlanılıb. Sonralar həmin "şəhərcikdə” tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib və bu işlərin bünövrəsinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən yerinə yetirilib, 2003-cü ildən etibarən isə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından ATİ-nin tələbələrinin güzəranı xeyli ağırlaşıb. Vəziyyətdən çıxış yolu tapmaq üçün Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın” heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Burada tələbələrə gündə 500-600 qram çörəklə bərabər pulsuz yemək verilib və onları aclıqdan xilas etmək mümkün olub. Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda "Rektorluq Fondu” yaradıb və həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırarmış ki, bu da bir növ tələbələri yaxşı oxumağa həvəsləndirərdi.

Professor hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın, Kiyevin, Xarkovun, Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda o, özünü xeyriyyəçi kimi aparar, ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları öz hesabına geyindirərdi. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq, onun yolunu şərəflə davam etdiriblər.

Misilsiz xidmətlər

Görkəmli səhiyyə təşkilatçısı və qurucusu Əziz Əliyev 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Onun səhiyyənin bütün incəliklərini dərindən bilməsi və bildiklərini məharətlə həyata keçirməsi sayəsində cəmi bir neçə ay ərzində qarşıya qoyulan məsələlər yüksək səviyyədə öz həllini tapır və bundan sonra o, yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılır. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sahəsinin hansı nöqtəsində zəiflik, geriləmə nəzərə çarpırdısa, Əziz Əliyevi dərhal həmin sahəyə cəlb edirdilər. Bu dəfə də bacarıqlı səhiyyə təşkilatçısı işlərini elə qurur ki, qısa müddətdə qlobal planları bacarıqla həyata keçirərək məqsədinə tam çatır və ona göstərilən etimadı hərtərəfli doğrulda bilir.

1936-1940-cı illərdə həm Azərbaycan Xalq Səhiyyə Komissarlığının, həm də ATİ-nin birgə təşəbbüsü sayəsində görkəmli alimin fəal iştirakı və rəhbərliyi altında malyariya və traxomaya qarşı mübarizəyə başlanılır. Bacarıqla həyata keçirilən ciddi tədbirlər nəticəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin geniş miqyasda yayılmasının qarşısı alınır. Əziz Əliyevin rəhbərliyi altında müalicə-profilaktika məqsədilə ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları təşkil edilir. Bundan təxminən 10-15 il sonra görkəmli alimin qızı, akademik Zərifə xanım Əliyeva Azərbaycanda yenidən baş qaldıran traxoma xəstəliyinin profilaktikası və müalicəsinə xeyli vaxt sərf edərək atasının başladığı işləri müvəffəqiyyətlə davam etdirir, bu dəhşətli xəstəliyin epidemiyasının qarşısının alınmasına səy göstərərək məqsədinə tam nail olur.

Professor Əziz Əliyevin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda paralel olaraq Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

Görkəmli alim 1938-ci ildən etibarən Azərbaycan Xalq Səhiyyə Komissarı vəzifəsində çalışaraq mükəmməl layihələr həyata keçirib, ölkədə səhiyyənin inkişafına güclü təkan verib.

Fədakar insan, görkəmli şəxsiyyət Əziz Əliyev İkinci Dünya müharibəsinin əvvəllərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib. Son dərəcə çətin, eyni zamanda məsuliyyət tələb edən sahədə fəaliyyət göstərib və yerli xalqın hörmətini, məhəbbətini qazanıb. Əziz Əliyevin fəaliyyəti SSRİ rəhbərliyini həmişə heyran qoyub.

Əziz Əliyev daim ön xətdə idi

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb, özünü yetkin və bacarıqlı dövlət xadimi kimi göstərərək böyük şöhrət qazanıb. Professor 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, Sabunçu xəstəxanasında sıravi həkim, 1956-cı ildən həyatının sonuna qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib.

Görkəmli alim I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olub.

Əziz Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə "Lenin” ordeni, "Qırmızı əmək bayrağı” ordeni, "I Dərəcəli Vətən müharibəsi” ordeni, "Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illiyi” xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR-in əməkdar həkimi” fəxri adı verilib. Ömrünün sonuna qədər rektor kimi fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə, Dağıstanda bir sovxoz, Kaspiyskidə bir tibb məktəbi və s. Əziz Əliyevin adını daşıyır.

Yaddaşlara əbədi həkk olunan insan

Professor Əziz Əliyevin həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladlar valideyn tərbiyəsinə layiq və sadiq olublar. Ən şərəflisi və əhəmiyyətlisi də odur ki, onların övladları valideynlərinin nüfuzuna, himayəsinə arxalanmadan, heç kimdən kömək gözləmədən öz fitri istedadları, bacarıqları hesabına ucalıb və onların hər biri öz peşəsi sahəsində uğurlu nailiyyətlər qazanıb. Bu ailənin övladlarından Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə Azərbaycanda oftalmologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına, müalicəyə ehtiyacı olan saysız-hesabsız xəstələrin şəfa, dünya işığı tapmasına həsr edib. İnsanlara nur, şəfqət, ziya bəxş edib.

Akademik Zərifə xanım Əliyeva elm xəzinəsi tarixinə daxil olan nadir incilərdən, dünya şöhrətli alimlərdəndir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da, Moskvada da eyni uğurla çalışan Zərifə xanım Əliyeva oftalmologiya sahəsində akademik səviyyəsinə yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının çox nüfuzlu mükafatı sayılan akademik Averbax mükafatına layiq görülüb.

Əziz Əliyevin qızı Ləzifə xanım bacarıqlı göz həkimi, ATİ-nin göz xəstəlikləri kafedrasının dosenti, digər qızı Dilbər xanım adlı-sanlı mühəndis-rabitəçi olub. Kiçik qızı Əməkdar incəsənət xadimi Gülarə xanım Əliyeva uzun müddət "Dan ulduzu” instrumental ansamblına rəhbərlik edib, tanınmış pianoçu və peşəkar musiqişünas kimi xatirələrə əbədi həkk olunub. Alimin böyük oğlu Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əliyev Azərbaycan Respublikasının tanınmış terapevtlərindən, görkəmli alimlərindən, əsl pedaqoq-müəllimlərdən olub. O, uzun müddət ATU-nun daxili xəstəliklər kafedrasının müdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti vəzifələrini yerinə yetirib. Əliyevlər ailəsinin kiçik övladı, akademik Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr edib, tibb elmləri doktoru, professor və akademik zirvəsinə yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Milli Onkologiya mərkəzinin baş direktorudur. Akademik Cəmil Əliyevin elmi əsərləri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə layiqli nüfuz və şöhrət qazandırıb.

Xalqın qəlbində Əziz Əliyevin monumental heykəli əbədi olaraq çoxdan ucaldılıb. Bu yüksəkliyi, bu zirvəni İmran Qasımovun, Süleyman Rüstəmin, Mustafa bəy Topçubaşovun, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Baxış Qəhrəmanovun, Abdulla Quliyevin, Həmid Rüstəmovun, M.S.Umaxanovun, Əhməd Musayevin, N.İ.Trufanovun, Əbdülvahab Süleymanovun, Həsən İsazadənin, Nəriman Əliyevin, Zəhra Quliyevanın, həmçinin Dursun Hüseynovun, Qurban Əliyevin, Böyükkişi Ağayevin, Həsən Sultanovun, Leyla Kərimovanın və başqalarının görkəmli dövlət və elm xadimi Əziz Əliyev haqqındakı xatirələrində aydın müşahidə etmək, bütün gözəlliyi ilə anlamaq olar.

1962-ci il iyul ayının 27-də Əziz Əliyevin daim xalq üçün, vətən üçün döyünən ürəyi qəflətən dayandı, o, əbədiyyətə qovuşdu. Həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışan akademik Vəli Axundovun göstərişi və xalqın arzusu ilə mərhum birinci Fəxri xiyabanda dəfn edildi.

Ümummilli Lider Heydər Əliyev Əziz Əliyevin 100 illik yubiley gecəsində çıxış edərkən Əziz Əliyevə xas olan xüsusiyyətlərin bütün incəliklərinə yaxşı bələd olduğunu söyləyib və onun insani keyfiyyətlərindən söhbət açaraq deyib: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx əlaqədə olurdu. Bütün tibb professorları onun dostları idi. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimlərlə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi”.

Görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, qayğıkeş alim, həkim və müəllim kimi yaddaşlara əbədi həkk olunan Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin həyat və fəaliyyətinin zəngin irsi həm indiki, həm də gələcək nəsillərə örnəkdir. Anadan olmasının 123-cü ildönümünü qeyd etdiyimiz Əziz Məmmədkərim oğlu Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın, eləcə də xilaskarı olduğu bir çox xarici ölkə xalqlarının qəlbində daim yaşayır və yaşayacaqdır.

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, SSRİ Dövlət mükafatı laureatı, akademik

"Azərbaycan" qəzeti, 28 dekabr 2019-cu il

  • Paylaş: