Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Pekində keçirilən konfransda iştirak ediblər
20.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Pekində keçirilən konfransda iştirak ediblər

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov və institutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru, professor Elbrus Əlizadə iyunun 15-16-da Çinin paytaxtı Pekində keçirilən “Yeni İpək Yolu iqtisadi zonasının ekologiya, ətraf mühit və davamlı inkişafı” beynəlxalq konfransında iştirak ediblər.

Çin Milli Elmlər Akademiyası Coğrafiya Elmləri və Təbii Resursların Tədqiqi İnstitutunda keçirilən tədbirdə Böyük İpək Yolu (BİY) iqtisadi zonasında yerləşən ölkələr - Çin Xalq Respublikası, Monqolustan, Rusiya Federasiyasının bir çox quberniyaları, Pakistan, Hindistan, Nepal, Əfqanıstan, İraq, Misir, Almaniya və digər ölkələrin elmi təşkilatlarının 60-dan çox nümayəndəsi iştirak edib.

Konfransın plenar iclasında R.Məmmədov “İqlim dəyişmələrinin və antropogen amillərin Xəzər dənizi ekosistemlərinə təsiri”, E.Əlizadə isə “Azərbaycanın dağ təbii-iqtisadi geosistemlərinin davamlı inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər. Müzakirələr nəticəsində mövcud problemləri daha geniş, əsaslı araşdırmaq üçün BİY iqtisadi zonası daxilində yerləşən ölkələrin alimlərindən ibarət Beynəlxalq Elmi Birlik – Alyans yaradılması qərara alınıb.

Alyans çərçivəsində konfransı ayrı-ayrı ölkələrdə davam etdirmək nəzərdə tutulur.

100-ə yaxın məruzənin dinlənildiyi tədbirdə Böyük İpək Yolunun fəaliyyət göstərməsi mexanizmi, ölkələr və regionlar arasında yarana biləcək problemlər, BİY xəttinin cənub, mərkəz, şimal marşrutları, həmin marşrutların keçdiyi ərazilərdə mövcud olan təbii ehtiyatlar, insan ehtiyatları, onlardan səmərəli istifadə, bu zaman yarana biləcək infrastruktur problemləri ilə bağlı bütün məsələlər geniş müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: