www.science.az
28.12.2019 09:43

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsəri əsasında hazırlanan tamaşanın premyerası olub

Heydər Əliyev Sarayında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında hazırlanmış vokal-xoreoqrafik tamaşanın premyerası olub.

Əsərin xoreoqrafik quruluşçusu Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnov, baletmeystri isə xoreoqraf Ceyhun Qubadovdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

Vokal-xoreoqrafik tamaşanın dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Qeyd edək ki, F.Əlizadə “Nasimi Passion” əsərinə görə ötən il Beynəlxalq Ağa Xan Fondu (“Aga Khan Foundation”) tərəfindən “Aga Khan Music Award” mükafatına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.