www.science.az
20.06.2014 00:00

“Sahəvi diversifikasiya və iqtisadi inkişaf” mövzusunda elmi sessiya keçirildi

İyunun 19-da AMEA-nın Əsas binasında AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilmiş elmi sessiyada Dünya Bankının baş iqtisadçısı Mona Prasad iqtisadiyyatın sahəvi diversifikasiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən siyasətin nəticələrinə həsr edilmiş məruzə ilə çıxış etdi.

Tədbirdə AMEA İqtisadiyyat İnstitutu ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA Elmi İnnovasiya Mərkəzi, AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi və s. qurumların nümayəndələri iştirak edirdi.

“İqtisadi diversifikasiya və inkişaf” adlı məruzə ilə çıxış edən M.Prasad Dünya Bankının həyata keçirildiyi layihə haqqında məlumat verdi. Bildirdi ki, bütün Avropa və Mərkəzi Asiya ölkələrini əhatə edən layihə çərçivəsində təbii resurslarla zəngin və qeyri-zəngin ölkələr təhlil olunmuşdur. Aparılan təhlillər nəticəsində ölkənin orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilə bilmə imkanları müyyən olunmuşdur.

O, həmçinin, iqtisadi diversifikasiya anlayışı, onun formaları, meyarları eyni olan ölkələri gəlirlilik baxımından fərqləndirən əsas xüsusiyyətlər və s. haqqında məlumat verdi.

M.Prasad layihə çərçivəsində Dünya Bankı tərəfindən aparılan, Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə imkan verəcək təhlillərin nəticələri ilə iştirakçıları tanış etdi. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin ustünlük təşkil etdiyini vurğulayan məruzəçi neft istehsalının ölkədə ümumdaxili məhsula verdiyi töhvə nəticəsində Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu diqqətə çatdırdı.

AR Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının insan kapitalının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyən M.Prasad bu istiqamətdə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlyetərliyinin əsas strateji xətt olaraq ön plana çəkildiyini bildirdi. Bununla yanaşı, ölkədə bir sıra həlli vacib problemlərə toxundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.