www.science.az
20.12.2019 17:49

Akademik A.Qrossheymin 130 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin (ABC) birgə təşkilatçılığı ilə görkəmli botanik alim, müəssisənin ilk direktoru, SSRİ Dövlət mükafatı laureatı, akademik Aleksandr Qrossheymin 130 illik yubileyinə həsr olunan "Müasir botanikada innovasiya və ənənələr" mövzusunda gənc alim və mütəxəssislərin elmi konfransı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq alimin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, A.Qrossheym uzun illər Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları və florası üzrə geniş tədqiqatlar aparıb, bitki sistemati­kası, faydalı bitki ehtiyatlarının öyrənilməsi problemlərinə xüsusi diqqət ayırıb. İ.Hüseynova akademikin Azərbaycan florasının tədqiqi sahəsində fundamental əsərlərinin botaniklər nəslinin inkişafında böyük rol oynadığını söyləyib.

Sonra Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə A.Qrossheymin elmi-pedaqoji və təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. Qeyd edib ki, təbii sərvətlərimizin gələcək nəsillər üçün qorunub saxlanması, A.Qrossheymin irsinin və ideyalarının gənclər arasında təbliği, ətraf mühitin mühafizəsi sahəsində yüksək ixtisaslı kadrların formalaşdırılması və bu sahədə gənclərin cəmiyyətdə rolunun artırılması institutun əsas fəaliyyət istiqamətlərindəndir.

Daha sonra Botanika İnstitutunun şöbə müdiri, b.ü.f.d. Rəşad Səlimov “Çiçəkli bitkilərin təsnifatı sistemləri: mərhələlər, hədəflər və mövcud meyllər” mövzusunda elmi məruzə ilə çıxış edib. Bundan əlavə, Botanika İnstitutunun laboratoriya müdiri, b.e.d. Dilzarə Ağayeva Azərbaycan Botaniklər Cəmiyyətinin illik fəaliyyəti, İnternet səhifəsinin yaradılması və planlaşdırılan işlər barədə qısa məlumat verib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Botaniklər Cəmiyyəti ilə Azərbaycan Fizioloqlar Cəmiyyəti (AFC) arasında ikitərəfli elmi əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu ABC-nin sədri, akademik Validə Əlizadə və AFC-nin sədri, b.e.d., professor Ulduz Həşimova imzalayıblar. 

Daha sonra akademik A.Qrossheymə həsr olunan sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, konfransın ikinci hissəsi gənc alim və mütəxəssislərin iştirakı ilə elmi seminarla davam etdirilib, məruzələr üzrə müsabiqə keçirilib. Təşkil olunmuş komissiyanın qərarı ilə qalib iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.