Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb
19.12.2019 10:08
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən “Elm” qəzetinin növbəti nömrəsi yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib.

Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin "Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi" və "Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında" müvafiq sərəncamları, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı AMEA Rəyasət Heyətində keçirilmiş “Heydər Əliyev: Ümummilli lider, zaman və müasir dövr” mövzusunda konfransla bağlı geniş material yer alıb.

Mətbu orqanın ikinci səhifəsində il ərzində Nəsimi irsinin tədqiqi və təbliği ilə bağlı AMEA-da görülən işlərin yekununa həsr edilmiş “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans haqqında ətraflı məlumat verilir.

“İnformasiya təhlükəsizliyinin aktual problemləri müzakirə edilib”, “AMEA-nın prezidenti İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış olub” və “Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidentini qəbul edib” başlıqlı yazılarla qəzetin üçüncü səhifəsində tanış olmaq olar.

“Elm” qəzetinin dekabr buraxılışında, həmçinin “İki xalqın milli istiqlalının fədakarı – Əhməd bəy Ağaoğlu”, "35 yaşlı “ELM”, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin akademik Vaqif Fərzəliyevin 80 illik yubileyi ilə bağlı yazdığı “Dünya elminə töhfələr verən görkəmli kimyaçı alim” başlıqlı məqaləsi yer alıb.

Bundan əlavə, nəşrdə AMEA Rəyasət Heyətinin iclasları, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı akademiyada keçirilmiş tədbirlər, AMEA-nın 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elanı, akademik Ramiz Mehdiyevin Cəlil Məmmədquluzadə nəslinin davamçıları və İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşü, o cümlədən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Rusiya Elmlər Akademiyasının prezidenti ilə görüşü, Azərbaycan alimlərinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən IX Ümumdünya Elm Forumunda iştirakı s. barədə məlumatlar oxucuya təqdim edilir.

16 səhifəlik qəzetdə, həmçinin rus dilində materiallar əksini tapıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan "Elm" qəzetinin redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: