Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Diotima, Hipatiya və... mən
17.12.2019 09:07
  • A-
  • A
  • A+

Diotima, Hipatiya və... mən

Adı çəkilən qadınlardan biri təqribən eramızdan əvvəl 4-cü əsrdə, biri eramızın 4-cü əsrində yaşayıb, biri də XXI əsrdə. Hər üçünü birləşdirən fəlsəfəyə sevgidir.

Filosof da yaza bilərdik, ancaq qadının filosofluğunu heç kim qəbul etmədiyinə, hətta bu sözə xüsusi kəskin reaksiya göstərdiyinə görə, deməsək yaxşıdır. Qoy, məqaləni aqressiyasız oxusunlar və diqqəti lazımi məqama yönəldə bilsinlər. Onu da mütləq əlavə edək ki, əslində, "mən" deyəndə bu gün fəlsəfə ilə məşğul olan hər qadın nəzərdə tutulur. Bu səbəbdən, onun da haqqında üçüncü şəxsdə yazacağıq.

Diotimanın kəlamları, hansı hikmətə sahib olması əsasən Platonun "Simposium" dialoqundan məlum olur. Haqqında başqa tarixi mənbələrdə məlumat olsa da, onun şəxsiyyətinin gerçəkliyinə şübhə ilə yanaşırlar. Elə Sokrat kimi, bir az da artıq. Bəli, Diotimanın adı çox dar çərçivədə tanınır. Ən vacibi isə onu Sokratın müəllimi kimi qəbul edən nadir olur. Antik dövr haqqında kifayət qədər geniş məlumat var, ancaq ümumi mənzərədə qadın obrazı solğun bir kölgə kimi ötüb keçir. Lap Rafaelin "Afina məktəbi" adlı freskasında olduğu kimi - qadını görmək üçün onu axtarmaq lazım gəlir. Axtaraq.

Əslində, hələ Pifaqorun vaxtından qadınlar kişilərlə bərabər fəlsəfənin inkişafında aktiv rol oynayırdılar. Düzdür, əsas məqsəd qız uşaqlarına təhsil vermək, onların intellektual səviyyəsinin qaldırılması idi, ancaq başqa sahələrdə də onların adına və roluna rast gəlmək mümkündür. Məsələn, Pifaqorun xanımına aid olan məktəbdə həm fəlsəfə, hikmət tədris edilir, həm də bir qadına lazım olan ailə dəyərləri, ev-eşiyə, uşağa qulluq öyrədilirdi. Bununla yanaşı, Pifaqorun bütün irsi onun xanımı Teano və qızı Damo tərəfindən qorunub gələcək nəsilə çatdırılıb. Yaxud məşhur Afina siyasətçisi Periklin xanımı Aspaziya məhz gənc qızların savadlanması üçün nəzərdə tutulan məktəblər açmışdı. Eyni zamanda, onun məktəbini kişi filosoflar da ziyarət edirmiş. Təsadüfi deyil ki, dialoq aparmağı, natiqlik sənətini Sokratın məhz Aspaziyadan öyrəndiyi deyilir. Belə maarifçi, düşüncə sahibi olan qadınlar Sokrat, Platon, Aristotel yetişdirən bir mühitdə nə təsadüf idi, nə də anormal qəbul edilirdi. Və o qadınlardan nə isə öyrənmək ayıb sayılmırdı. Antik dövrün tanınmış natiqi və siyasi xadimi Demosfenin belə bir məşhur kəlamı var: "Özünə hörmət edən yunanlının üç qadını olmalıdır: həyat yoldaşı - nəslini davam etdirmək üçün, qulu - əyləncələr üçün və heterası - mənəvi rahatlığı üçün". Xüsusi vurğulayaq: hetera düşüncə sahibidir, əyləncə qadını deyil!

Diotima da fəlsəfə məktəb sahibəsi, hetera olub və bu məktəbin ən məşhur "tələbəsi" Sokratdır. Platonun "Simposium" dialoqundan belə məlum olur ki, sevgi tanrısı haqqında məlumatı Sokrata Diotima öyrədir və sonralar "platonik sevgi" kimi tanınan hissin izahı da ona məxsusdur. Onun fikrinə görə, sevgi - gözəlliyə can atmaq deyil, dünyaya gözəllik gətirməkdir. O xüsusi vurğulayr ki, sevgini bədən istəyəndə dünyaya övlad gətirir, bu, mənəvi bir hamiləlik olanda isə ortaya gözəl düşüncələr, kəşflər çıxır. Diotima ortaya gözəl ideyalar çıxaran heteraydı - öz məktəbi, öyrətmə üslubu ilə. Düzdür, bu barədə daha geniş məlumat vermək imkanımız yoxdur, ancaq bir faktı dəqiqləşdirmək mümkündür: hikməti dərk edən kişilər müdrik qadınlarla tamamlanmalıdır, hikmət hikmətlə cilalanmalıdır. Antik dövrdə qadın və kişi təfəkkürləri bir-birini dəstəklədiyinə və tamamladığına görə, o dövrün fəlsəfi mənzərəsi daha dolğun, daha zəngindir və əsrlər keçsə belə, nə aktuallığını itirir, nə də tükənir. Dediklərimizdən sonra, ədalət naminə fəlsəfə tarixində olan məlum müəllim-tələbə şəcərəsinə unudulmiş kiçik bir əlavə edək: Aristotel - Platon - Sokrat - Diotima.

Elə ki, tarix İsa Məsihin doğum tarixi ilə hesablanmağa başladı, çox dəyişikliklər baş verdi. Hər nə qədər kilsə qadın əsaslı hesab edilsə də, ilk ən böyük və dağıdıcı zərbəni elə qadına vurdu. Qadın varoluşun iki başlanğıcından biridir və ona olan təsir, təzyiq bütün bəşəriyyətin inkişafında, mənəviyyatında özünü göstərir. Bəşəriyyətin mənəvi tənəzzül tarixi, məncə, Hipatiyadan başladı.

Hipatiyanı Antik dövr ənənəsinin son nümayəndəsi, yeni ənənənin ilk qurbanı adlandırmaq daha düz olar. O, İsgəndəriyyə kitabxanasının son başçısı Teonun qızı idi, eyni zamanda, alim və filosof kimi orada dərs keçir, Platonun fəlsəfəsini öyrədirdi. Bu, Xristianlığın hakim dinə çevrildiyi və öz prinsiplərini qeyd-şərtsiz qəbul etdirdiyi çağlar idi. Kifayət qədər azad düşünməyə öyrənmiş qadınlara da bu sırada "ciddi diqqət ayrıldı": "Qadınlar səssiz və tam itaətdə öyrənməlidir. Mən qadına öyrətməyə və kişilərə rəhbərlik etməyə izn vermirəm, o susmalıdır. Axı, ilk olaraq Adəm, sonra Həvva yaradılmışdır. Adəm deyil, qadın aldadıldı və günah işlədi" (1 Tim. 2:11-14). Belə böyük bir günahdan yalnız Allaha xidmət etməklə və dünyaya uşaq gətirməklə xilas ola bilər. Deyilənlərə əlavə olaraq həvari Paul korinflilərə müraciətində deyir: "İstəyirəm biləsiniz ki, hər ərin başı Məsih, qadının başı - əri, Məsihin başı isə Tanrıdır (1-ci Korinflilərə 11:2,3). Bir kəlmə ilə qadınla Yaradanı arasına 3 vəsilə qoyuldu - ər, Paul, Məsih. Bir kəlmə ilə qadının öz Yaradanı ilə bilavasitə ünsiyyəti kəsildi, azadlığı, şəxsiyyəti əlindən alındı, əvəzində itaət və xidmət etməli olduğu ailə verildi. Əks halda qadın cəmiyyətin, Tanrının və ... kişilərin düşməni elan edilirdi. Təbii ki, Hipatiya da bu şablonlara uyğun gəlmirdi. Bir neçə dəfə xəbərdarlıq edilsə də, o, belə bir dar çərçivəyə girmək istəmirdi. Necə girəydi?! Cəza olaraq bir qrup fanat xristian onu dəhşətli işgəncəylə qətlə yetirdi və bununla bütün düşünmək istəyən, hikmət öyrətmək istəyən qadınlara gözdağı verdi.

Nəticə gözləniləndən də betər oldu. Hipatiya faciəsi həm keçmişə, həm də gələcəyə ciddi təsir elədi. Qətl olunan yalnız Hipatiya olmadı, qadın filosofların keçmişi və gələcəyi də oldu. Tarix boyu kilsənin prinsiplərinə sığmayan, hikmət iddiasında olan qadınlar birmənalı şəkildə qaralandı. Məhz bu siyasətin nəticəsi idi ki, antik dövrün düşüncə sahibi olan qadınlar əyləncə obyekti kimi təqdim edildi, hetera adı ləkələndi, adları tarixdən silindi. Hipatiya dərsi o qədər qorxunc oldu ki, təqribən 7-8 min il ərzində xristian dünyasında hikmət və qadın "düşmən kəsildi" bir-birinə. Bir neçə əsr ərzində fəlsəfədən ayrı qalmalı olan qadınlar çıxış yolunu kilsənin himayəsində gördülər. Yalnız 12-ci əsrdə İsa Məsihin "nişanlısı" hesab edilən və Onun qoruması altında olan rahibələr təkrar fəlsəfəyə müraciət etməyə başladılar. Əhəmiyyətli bir məqamı da qeyd edək ki, ilk rahibə filosof Hildegard fon Bingen alman fəlsəfəsinin atası hesab edilən Mayster Ekxartın müəllimi hesab edilir. Bunu ilahi bir lütf də adlandırmaq olar: əsrlər sonra ilk qadın filosofun gəlişi fəlsəfə tarixində yeni bir səhifənin başlanğıcını taclandırdı!

Uzun illər, Renessansa qədər fəlsəfəylə yalnız rahibələr məşğul ola bilib. Antik fəlsəfəyə dönüş başlayanda, təbii ki, o dövrün qadın filosofları da xatırlandı. Ancaq bu dəfə vəziyyət başqa idi. Yenə qadınlar fəlsəfəyə gəlməyə, yenə məktəblər açmağa, yaradıcı şəxslərdən ibarət məclislər təşkil etməyə başladılar. Sonra yenə inkviziya adı ilə qadınlar cəzalandırıldı, odda yandırıldı, kilsəyə bağlı olmadan hikmətə meyl edən qadınlar ləkələndi... Qəribə olan budur ki, qadın filosofların şəxsi tarixçələri düşüncələrindən daha çox diqqət çəkdi, nəticədə fəlsəfə tarixində onların əsərləri, düşüncələri deyil, sadəcə adları və kimlərləsə ünsiyyəti, münasibəti qaldı. Faciəli olan budiuki, kilsənin qadına qoyduğu qadağalar sanki şüuraltı olaraq hər kəsə, hətta kilsəni inkar edən ziyalılara da hakim kəsildi. Məsələn, Kant kimi bir filosof tövsiyə edirdi ki, uşaq yaşından qızları elə böyüdün ki, cinsindən başqa şey düşünməsin. Russo isə qadınlara təklif edirdi ki, bütün cazibələrini kişilərin yaradıcılığının inkişafına sərf etsinlər. Bir sözlə, qadına qadınlığından kənara çıxmağa imkan vermirdilər, çünki bunu onun yeganə missiyası hesab edirdilər. Bu səbəbdən qadınlar məhv olmuş filosofluq nüfuzlarını heç cür bərpa edə bilmirdilər. Məsələn, XIX əsrdə Avropada qadın fəlsəfə üzrə doktor və ya professor ünvanı almaq üçün mütləq bir professorla evli olmalı idi, çünki "doktor elmi ünvanı almaq o zamanlar sırf kişilərə xas bir şey idi".

Qadına olan belə bir münasibət o dərəcədə dözülməz oldu ki, əvvəlcə ayrı-ayrı şəxslərə edilən etirazlar, yazılan cavablar toplaşıb bir cərəyanın - feminizmin təməlini qoydu. Haqlı olaraq, qadınlara azadlıq, hüquq, səs tələb etdilər. Çalışdılar, vuruşdular, nəticədə... Kantın, Russonun istədiyi oldu - qadın yenə də öz cinsindən kənara çıxa bilmədi, elə o çərçivədə mübarizə aparıb, bir stəkan suda tufan qopartmaqla məşğul oldu.

Yeri gəlmişkən, haqlı olaraq soruşa bilərlər ki, niyə ancaq Qərb dünyasından danışırıq? Axı İslam Şərqində, eləcə də Uzaq Şərqdə vəziyyət fərqli olub. Bəli, tamamilə fərqli olub. Ancaq bizim məqsədimiz qadınla bağlı bu gün İslamın adına çıxılan və qınanan bir çox ədalətsiz prinsiplərin kökünü göstərməkdir.

Mənim dövrüm bütün bu hisslərin, düşüncələrin, mübarizələrin kəsişdiyi bir məqama tuş gəldi... Ancaq bu da deyilməlidir ki, indi nəinki qadının filosofluğu sual altındadır, hətta fəlsəfənin özünün də lazımsızlığı müzakirəyə çıxarılıb.

Hər şeydən əvvəl, XXI əsr qadının yalnız öz cinsi çərçivəsində düşünməli olması kifayət qədər dəbə düşüb və kifayət qədər yaxşı maliyyələşir. Artıq tarixdəki qadın filosoflara da bu baxış bucağından qiymət verirlər. Gender, qadın hüquqları dünyanın ən aktual mövzularından biridir. Düşünən qadın yalnız feminist kimi qəbul edilir. Bunun nəticəsidir ki, XX əsrə qədər fəlsəfə tarixində nə ciddi ideyalarda qadın, nə də qadında ciddi ideya qəbul edilirdi. Qadın yalnız vasitə idi. XXI əsrdə qadının səsi siyasi dairələrdə daha bərkdən eşidildiyinə, həlledici qərarlarda iştirak etdiyinə görə, fəlsəfədəki qadın yoxsulluğu və yoxluğu kölgədə qaldı.

Mənim dövrümdə qadın başlanğıcına ehtiyacın olması daha çox hiss edilir, çünki bəşəriyyət tam bir uçurumun kənarına gəlib çatıb. Amerikalı tarixçi filosof Riçard Tarnas müasir dövrün mənəviyyat və düşüncə böhranının səbəbini məhz fəlsəfədə kişinin tək qalmasında görür: "Əsrimizin qarşısında boya-boy dayanan böyük məsələ budur: kişi başlanğıcı özünün Tanrıya nifrətindən və birtərəfli planından əl çəkib, nəhayət ki, dərk olunmamış yarısını görmək və könüllü olaraq qadın başlanğıcı ilə onun bütün təzahürlərində tamamilə yeni, qarşılıqlı anlaşma və bərabərliyə əsaslanan münasibətdə olmaq". İstər Antik dövrdə, istərsə də orta əsrlərdə özünə filosof deyən qadınlar məhz bəşəriyyətə aid sualları həll etməyə çalışıblar. Məsələn, Hildeqardın fəlsəfəsini araşdıran tədqiqaçılardan biri deyir ki, "O, hikmət evinə bənzəyir, yer və göy onda birləşib". Yaxud XVIII əsrdə Mary Wollstonecraft Russonun düşüncələrini tənqid etsə də, feminist ruhda deyildi, onun birtərəfli insan modelinə qarşı özünün şəxsiyyəti sevgi ilə tamamlanan insan modelini qoyurdu! Birtərəfli modelə həm qadına düzgün qiymət ver-məyən kişi, həm də düzgün qiymətini almayan qadın daxildir. Tam modeldə isə hər iki tərəf bir-birini tamamlayır.

XXI əsr texnikanın zirvədə durduğu bir dövrdür, bununla belə əvvəlkilərlə bənzər məqamları çoxdur, hətta üstünlükləri də var. Məsələn, indi Diotima dövründə olduğu kimi, qadın kişilərlə bərabər rahat-rahat fəlsəfə də öyrənir, hələ üstəlik öyrədir də. Bir üstünlüyümüz var ki, o dövrdə olduğu kimi, qadınlar kateqoriyalara bölünmür. İndi orta əsrlərdə olduğu kimi, qadınları düşündüklərinə görə işgəncə də etmirlər, qadağalar da qoymurlar. Qadının azad səsi də var, sözü də. Buna görə onu nə odda yandırırlar, nə adına cadugər deyirlər. Yəni Hipatiyanın taleyini yaşayan yoxdur. Qadın özünün alimliyini, filosofluğunu rəsmiləşdirmək üçün mütləq kişinin köməyinə möhtac olmur. Burada qərar verən daha yüksək elmi adlı şəxslər olur, hətta aralarında qadın da olur bəzən. Bunlar zahiri məsələlərdir: şərtlər, şəraitlər, münasibətlər. İşin mənəvi tərəfində isə vəziyyət nisbətən dramatikdir.

İndi Diotima dövründən fərqli olaraq fəlsəfədə ümumbəşəri məsələlər az müzakirə olunur, mənəviyyata, müqəddəsliyə demək olar ki, diqqət ayrılmır. Sanki bu sahədə bütün sözlər deyilib qurtarıb, mövzu da aktuallığını itirib. Düzdür, kimsə yazanda deyirlər ki, nə gözəl, mənəvi qida aldıq, ancaq bunu subyektiv, bir ürəyin ifadəsi kimi qəbul edib, iki gün sonra unuda bilirlər. Orta əsrlərdə maraqlı olan mövzular indi tamam başqa rəng alıb, xüsusilə din. Məsələn, orta əsrlərdə dini zəmində təriqətlər qurulur, insanlar inandıqlarını əsaslandırmaq üçün çarmıxdan belə qorxmurdular, dini prinsiplərlə fəlsəfi məsələlər qarşılaşdırır, ortaq həqiqətlər tapılır, yeni yollar, anlayışlar təklif edirdilər. İndi dinləri o qədər qaralamağa çalışırlar ki, xristianlıq deyəndə Vatikanın, İslam deyəndə İŞİD-in əməlləri yada düşür. Buna görə də, dindən, dinin apardığı ali məqamlardan yazmaq əvəzinə, onları hücumlardan müdafiə etmək daha aktualdır. Məsələn, Qurani Kərim haqqında yazlan bir məqalədə insanın kamilləşmə yolunun təhlilindən daha çox, terrorizmdən müdafiə notları maraq kəsb edir. Bəs qadınlar? Fəlsəfə kimi maraqlandırır ki, qadın filosof da kimi maraqlandıra?! Bu gün dünya həm qul kimi satılan qadını görür, həm də ölümlə çarpışan miqrantların qarşısında qapılarını bağlayan siyasətçi qadını...

Bütün bunlarla yanaşı, çox təhlükəli bir ənənə hələ də yaşamaqdadır. Artıq unutduğum bir romanda maraqlı bir obraz var idi: uzun müddət aclıq çəkmiş, tənha yaşamış bir dənizçi xilas olandan sonra hər gün doyunca yesə də, yenə xəlvət-xəlvət özünə azuqə yığır. Eyni mənzərə, eyni münasibət qadınlarda da var. Bu gün qadın filosofluq etmək fikrinə düşdüsə, ciddi fəlsəfi ideyalar irəli sürürsə,.. deməli, feministdir. Hansı isə fikrini müdafiə edirsə və bunu bacarmırsa, ...qadın haqları komitələrinə müraciət etməlidir. Fəlsəfədə öz sözünü deyə bilmək üçün ... kişidə dəstək axtarır. Güclü olmaq üçün... ilk ağlına gələn ətrafına qadınları yığıb, kişilərdən müdafiə olunmaq olur. Bir kişinin etinasızca, rişxəndlə dediyi bir fikir tərəzidə on düşüncə sahibi qadının ciddi təhlilindən ağır götürülür.

Diotima, Hipatiya, Rabiə əl-Ədəviyyə, Məhsəti və daha neçə düşüncə sahibi qadınlar öz dövrünün siması, eyni zamanda, düşüncənin istiqamətverici qüvvələri səviyyəsində olublar. Ən azından onların həyatını, yaradıcılığını öyrənəndə o vaxtların qadını haqqında bir təsəvvür yaranır. Əcəba, bu günün düşüncə sahibi olan qadınlar həmin sualları cavablandıra biləcəklərmi? Bunun üçün heç olmasa, 50-100 il vaxt keçməlidir, məncə...

Könül Bünyadzadə, Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü 

525-ci qəzet

  • Paylaş: