www.science.az
19.06.2014 00:00

AMEA Ədəbiyyat İnstitutunda yeni yaradılmış Mətbuat tarixi və publisistika şöbəsinin təqdimatı keçirildi

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi-tədqiqat müəssisəsinin illik fəaliyyəti ilə əlaqədar tədbir keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi-tədqiqat müəssisəsində son bir il ərzində görülən işlər barədə ətraflı məlumat verdi. Azərbaycanda müasir dövrün tələblərindən irəli gələn islahatlar çərçivəsində akademiyada da 2013-cü ilin ortalarından bəri köklü dəyişikliklərin baş tutduğunu qeyd edən institut rəhbəri bu gün AMEA prezidenti, akademik Akif Əlizadənin bilavasitə təşkilatçılığı ilə həyata keçirilən islahatların artıq böyük səmərə verdiyini xüsusi vurğuladı. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti strukturunun təkmilləşdirildiyini, yeni elmi-tədqiqat institutlarının, elmi təşkilatların yaradıldığını, bəzi elmi qurumların adlarının dəyişdirilərək müasir tələblərə uyğunlaşdırıldığını bildirdi. Yeni şəraitlə səsləşən şöbə və laboratoriyaların fəaliyyətə başlamasını, struktur islahatları zamanı istedadlı mütəxəssislərə, xüsusən də gənclərə diqqət göstərilməsini akademiyanın yeni rəhbərliyinin prioritet fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdiyini diqqətə çatdırdı.

Bildirdi ki, islahatlar və yeniləşmə dövrü kimi səciyyələndirilən son bir ildə Ədəbiyyat İnstitutunda da mühüm nailiyyətlər əldə olunmuşdur. Belə ki, bir neçə yeni şöbə və yardımçı təsisatlar qurulmuş, bir-birindən fərqli tamamilə yeni istiqamətli elmi nəşrlər meydana gəlmiş, institutda nəşr olunan elmi məcmuənin sonuncu nömrəsi bütünlüklə gənc elmi işçilərin məqalələrini əhatə etmişdir ki, bu da akademiya tarixində ilk hadisə kimi əhəmiyyətlidir. Həmçinin institutun 80 illik yubileyi təntənə ilə qeyd edilərək 100-dən yuxarı ədəbiyyatşünas alim və digər mütəxəssislər müxtəlif səviyyələrdə mükafatlandırılmışlar.

Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında beynəlxalq səviyyəli tədbirlər, kütləvi surətdə bir sıra elmi sessiya və konfranslar, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı tarixində böyük ədəbi hadisəyə çevrilmiş “Ədəbi proses-2013” tədbiri keçirilmişdir. Elmi-tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinə uğurlu start verilmişdir ki, nəticədə Türkiyə, Rusiya, Qazaxıstan, Almaniyanın elmi qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

AMEA Rəyasət Heyəti tərəfindən bu günlərdə verilmiş qərar əsasında institutun yeni strukturunun təsdiq edilməsini xatırladan akademik İsa Həbibbəyli yeni yaradılmış Mətbuat tarixi və publisistika şöbəsinin təqdimatını da keçirdi. İnstitut rəhbəri şöbənin müasir dövrdəki elmi-tədqiqat fəaliyyətinin çoxcəhətli istiqamətləri barədə məlumat verdikdən sonra istedadlı alim və publisist Şərəf Süleymanovanı (Cəlilli) şöbə müdirliyinə təqdim etdi. Akademik İsa Həbibbəyli ilkin olaraq “Molla Nəsrəddin” jurnalının cildlərini və institutda son bir ildə nəşr edilmiş elmi nəşr nümunələrini şöbəyə hədiyyə etdi, “Əkinçi”dən başlanan ənənələrin elmi-tədqiqat çərçivəsində araşdırılması işində şöbəyə uğurlar arzuladı.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxış edərək institut rəhbərlyinin etimadını doğruldacağına, yeni yaradılan şöbənin fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulmasına səy göstərəcəyinə bildirdi.

Tədbirdə filologiya üzrə elmlər doktorları Bədirxan Əhmədov, Asif Rüstəmli vəTahirə Məmməd çıxış edərək institutun bir illik fəaliyyətini müzakirə etdilər.

Sonda tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun yeni yaradılan konfrans zalı ilə tanış oldular. Qeyd edildi ki, burada son texnologiyadan istifadə olunaraq eyni zamanda altı ölkənin alimləri ilə birgə virtual tədbirlər keçirilməsi üçün yüksək şərait yaradılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.