Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat yığıncağı keçirilib
06.12.2019 12:07
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat yığıncağı keçirilib

AMEA Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev cari ildə rəhbərlik etdiyi qurumda həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, hesabat ilində bölmə üzrə 18 monoqrafiya, 8 kitab, 3 metodik vəsait, 549 elmi məqalə, 222 konfrans materialı, 7 tezis olmaqla, 808 elmi əsər çap olunub, o cümlədən 4 buklet və 1 xəritə tərtib edilib. Mono­qrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından isə 57-si xaricdə nəşr olunub. Həmçinin “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr topluları çap edilib, “Naxçıvan tarixi mənbələrdə” kitabı isə çapa təqdim olunub.

Qeyd olunub ki, hesabat ili ərzində Naxçıvan Bölməsi ilə Türkiyə Cümhuriyyətinin İqdır Universiteti arasında elmi əlaqələrə dair memorandum, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikasının “Vision” Universiteti arasında isə əməkdaşlıq protokolu imzalanıb.

Daha sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov qurumun illik elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edərək bildirib ki, cari ildə bölmə üzrə 2 qrant layihəsinin icrası başa çatdırılıb, 2-si beynəlxalq, 1-i respublika səviyyəli olmaqla, 3 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

Vurğulanıb ki, 2019-cu ildə bölmədə bir beynəlxalq, bir respublika, 22 elmi konfrans, 17 iclas keçirilib, o cümlədən oxunması zəruri olan 11 kitabın müzakirəsi, 20 kitab və monoqrafiyanın, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi qədim əlyazma və kitabların təqdimatı baş tutub.

Tədbirdə bölmənin elmi-tədqiqat institutlarının direktorları hesabat məruzəsi ətrafında çıxış ediblər.

Sonda ictimai və humanitar elmlər sahəsində il ərzindəki fəaliyyətlərinə görə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: