www.science.az
19.06.2014 00:00

18 iyun – Azərbaycanda Milli İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Milli İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanına əsasən bu günün təsis edildiyini nəzərə çatdırıb. O, tədqiqatçıların qələmə aldığı məqalə və araşdırmalarda insan hüquqları mövzusu ətrafında hüquqi, siyasi, etik yanaşmaların, həmçinin elmi araşdırmaların dərinləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Tədbirdə “İnsan hüquqları və ictimai rəy” mövzusunda məruzə ilə çıxış edən institutun Müasir fəlsəfə problemləri şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov insan hüquqlarının pozulma halları barədə Azərbaycan mətbuatında yer alan ictimai-siyasi məqalələrdən danışıb. Bildirib ki, müasir idrak üsulları vasitəsilə problemə yeni fəlsəfi yanaşma formalaşdırmaq lazımdır.

Sonra Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə “İnsan hüquqları sahəsində dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi aktlarda qeyd olunan insan hüquqlarına dair maddələrin real həyatda tətbiqinin vacibliyini vurğulayıb.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, prof. Bəhram Zahidov və şöbə müdiri, hüquq elmləri doktoru Habil Qurbanov Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, Fəlsəfə və Hüquq İnstitutunun insan hüquqları ilə bağlı keçirdiyi elmi konfranslardan danışıblar.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.