Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

04.12.2019 18:10
  • A-
  • A
  • A+

Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Bakı Dövlət Universitetinin (BDU) Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Alim, həmçinin dünya elminə verdiyi töhfələrə və yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə akademiyanın “Beynəlxalq qızıl ulduz” medalına layiq görülüb.

Bu münasibətlə BDU-nun Botanika kafedrasında keçirilən tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, professor Elçin İsgəndərzadə akademiyanın diplomunu, “Beynəlxalq qızıl ulduz” medalını və vəsiqəsini E.Qurbanova təqdim edib.

Elçin İsgəndərzadə görkəmli alimin zəngin elmi fəaliyyətindən, biologiya elminin inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, E.Qurbanovun botanika sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Onun qələmə aldığı dərslik və dərs vəsaitləri respublika botanikləri, torpaqşünasları və ekoloqlarının stolüstü kitabına çevrilib.

Sonda AMEA-nın müxbir üzvü E.Qurbanov təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: