Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2019 12:31
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində cari ildə görülən işlər müzakirə edilib

AMEA-nın İkinci xüsusi şöbəsində cari ildə görülən işlər müzakirə edilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində 2019-cu ilin mülki müdafiə hazırlığının yekunları və 2020-ci ilin təşkilati göstərişlərinə həsr olunan seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak edib.

Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq cari ildə AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın 2019-cu ilin Tədbirlər Planına əsasən təşkil olunduğunu diqqətə çatdırıb.

E.Quliyev bildirib ki, hesabat ilində əsas diqqət akademiya əməkdaşlarının MM hazırlığına, ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə, o cümlədən MM sahəsində maarifləndirmə işlərinin gücləndirilməsinə yönəldilib.  Qeyd edib ki, il ərzində MM işinin təşkili və yaradılması, MM tədbirlərinin planlaşdırılması, onların yerinə yetirilməsinə köməklik göstərilməsi və icraya nəzarət məqsədilə AMEA-nın beş elmi müəssisə və təşkilatında yoxlamalar aparılıb, çatışmazlıqlar yerindəcə aradan qaldırılıb.

Şöbə rəisi bildirib ki, MM hazırlığı üçün metodiki köməklik və bu tədbirlərin keçirilməsinə nəzarət məqsədilə 21 elmi müəssisə və təşkilatda plan üzrə işlər aparılıb, MM əmlakının, fərdi mühafizə vasitələrinin saxlanılması, istifadəyə yararlılığı, saxlama qaydalarına düzgün riayət edilməsi yoxlanılıb: "MM qərargah rəislərinin bu sahədə biliklərinin artırılması, məşq və məşğələlərin forma və metodlarının öyrənilməsi, təkmilləşdirilməsi məqsədilə İkinci xüsusi şöbə tərəfindən il boyu ayda bir dəfə olmaqla metodiki seminar-məşğələlər keçirilib. Görkəmli alimlər və FHN-nin yüksək rütbəli əməkdaşları MM-yə aid mövzularla elmi müəssisə və təşkilatların qərargah rəisləri və AMEA-nın əməkdaşları qarşısında çıxış ediblər".

Məruzəçi, həmçinin 2019-cu ildə bir neçə müəssisənin Fövqəladə Hallar Komissiyasının sədrlərinin, elmi işlər üzrə direktor müavinlərinin və qərargah rəislərinin FHN-nin Mərkəzi MM kurslarında hazırlığa göndərildiyini və vəsiqələr aldığını diqqətə çatdırıb.

E.Quliyev MM üzrə tədris keyfiyyətinin yaxşılaşdırılması, fərdi mühafizə vasitələrinə nəzarətin artırılması və uçotunun aparılması, eləcə də FHN-in müvafiq laboratoriyalarında yoxlanışdan keçirilməsinə dair müvafiq tapşırıqlarını verib. Eyni zamanda, 2020-ci ilin Tədbirlər Planının hazırlandığını, təsdiq olunduqdan sonra elmi müəssisə və təşkilatlara göndəriləcəyini söyləyib.

Sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2019-cu ilin yekun hesabatı, mülki müdafiənin təşkili, yaradılması və MM hazırlığı üçün sənədlərin hazırlanması, 2020-ci il üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri tərəfindən tərtib ediləcək tədbirlər planına dair tövsiyələr verib.

Daha sonra noyabr ayında keçirilən Rəhbər Heyətin Mülki Müdafiə məşqləri və MM qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında qərargah rəislərinin çıxışları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: