Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2019 19:51
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim edilib

Bu gün AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, texnika elmləri doktoru Elton Məmmədov kollektivə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov YT Parkın yeni direktorunun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə elmi nailiyyətlərin kommersiyalaşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib.

Qeyd edib ki, Elton Məmmədov 57 elmi əsər, 3 monoqrafiya, 2 ixtira, eləcə də ali məktəblər üçün 3 dərsliyin müəllifidir. 

Yüksək Texnologiyalar Parkının səmərəli fəaliyyəti üçün onun normativ-hüquqi bazasına yenidən baxılmasının, texnoparkın istehsal müəssisəsi olmaqla yanaşı, innovativ layihələri həyata keçirən bir qurum kimi fəaliyyət göstərməsinin zəruriliyini qeyd edən Əminağa Sadıqov Elton Məmmədovun ictimai nüfuzu, geniş təcrübəsi sayəsində texnoparkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına və bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Sonra Elton Məmmədov çıxış edərək ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirib, bu inamı doğrultmaq üçün əlindən gələni edəcəyini qeyd edib.

Ölkədə iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, yüksək texnologiyaların neft və qeyri-neft sektorunda tətbiqinin həyata keçirilməsi ilə bağlı aparılan siyasətin Azərbaycan xalqının sosial rifahının artırılmasına xidmət etdiyini deyən E.Məmmədov YT Parkın hüquqi bazasının tam formalaşdırılması, yüksək investisiyaların respublikaya gətirilməsi və onların tətbiqi istiqamətində bütün zəruri tədbirlərin görüləcəyini bildirib. Texnologiyalar parkında rəqabətqabiliyyətli məhsulların istehsalı, ciddi elmi tədqiqatların aparılması, eləcə də innovativ layihələrin həyata keçirilməsinin əsas hədəflərdən olduğunu söyləyən E.Məmmədov bu fəaliyyətin yüksək səviyyədə təşkilinin Azərbaycan iqtisadiyyatının davamlı inkişafı baxımından son dərəcə önəmli olduğunu vurğulayıb.

Sonda YT Parkının rezidenti olan AMEA Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov çıxış edərək yeni təyinat münasibətilə E.Məmmədovu YT Parkın kollektivi adından təbrik edib, ona vəzifəsində uğurlar arzulayıb. Bildirib ki, YT Parkın kollektivi onun rəhbərliyi ilə daha əzmlə çalışacaq, qarşıda duran vəzifələrin icrası üçün bütün səylərini birləşdirəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: